Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

11.12.2018 16:53
  • A-
  • A
  • A+

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk çərəyi)” kitabının müzakirəsinə həsr olunan tədbir keçirilib

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk çərəyi)” kitabının müzakirəsinə həsr olunan tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk çərəyi)” kitabının müzakirəsinə həsr olunan tədbir keçirilib.

İclası muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq kitabın Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılmasında mühüm vasitə olduğunu bildirib.

Akademik Ramiz Mehdiyevin bu günə qədər Səfəvilərin tarixinə dair önəmli tədqiqatlar apardığını, kitab, monoqrafiya və məqalələr çap etdirdiyini deyən R.Hüseynov yeni nəşrin digərlərindən fərqləndiyini, vəsaitdə tarixi faktlarla ermənilərin Səfəvilərə qarşı casusluq etməsinin sübuta yetirildiyini söyləyib.

O, missionerlərin tarixən Şərq ölkələrində dini missiya adı altında siyasi fəaliyyət apardıqlarını, agentura şəbəkəsi üçün qeyri-millətlərin seçildiyini və əldə olunan məlumatların Vatikana göndərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Səfəvilər dövlətinin ərazisində kəşfiyyat fəaliyyətinin aparılması üçün məhz ermənilər, o cümlədən Qriqorian kilsəsi seçilib. Səfəvi hökmdarlarının ermənilərin dini inanclarına hörmətlə yanaşdığını deyən akademik bədnam qonşularımızın bunun qarşılığını xəyanət etməklə qaytardığını vurğulayıb. O, akademik Ramiz Mehdiyevin nəşrdə erməni mənbələrinə istinad edərək bu faktı sübuta yetirdiyini söyləyib.

Muzey direktoru bu gün Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu, işğal edilmiş ərazilərində zərərli nüvə tullantılarının basdırıldığını, terror təşkilatlarına təlimlər keçirildiyini diqqətə çatdırıb. Akademik beynəlxalq aləmi radikal erməni millətçiliyinə qarşı mübarizədə həmrəy olmağa səsləyib.

R.Hüseynov çıxışının sonunda nəşrin beynəlxalq miqyaslı siyasi ziddiyyətlərin dərinliklərinə işıq saldığını və vəsaitdə gün üzünə çıxarılan tarixi həqiqətlərin bu istiqamətdə gələcək tədqiqatlar üçün başlanğıc olduğunu deyib.

Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Erməni xülyalarında uydurulmuş Səfəvi xofu", Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəylinin "Casusluğa aparan dini satqınlıq Səfəvi dövlətində Qərb agenturasının əsas zənciri - ermənilər", Elmi inkişaf və tədris layihələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovun "Səfəvilər dövründə dövlətə qarşı erməni xəyanət və təxribatları", Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyevin "Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk çərəyi)” adlı monoqrafiyası ilə bağlı bəzi mülahizələrim" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun "Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ifşa olunması yolunda ilk cəhd" mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: