Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.
Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatların rəhbərləri və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Elm xadimləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.
Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.
İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu müasir Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.