AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev, idarənin rəis müavini Zərifə Əliyeva, şöbə müdiri Bünyamin Seyidovvə baş mütəxəssis Firuzə Xəlilova iyunun 4-də Təhsil Nazirliyində keçirilmiş Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audivizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt-komitənin üçüncü iclasında iştirak ediblər.
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində təşkil olunmuş tədbirdə Avropa Birliyinin tədqiqat və innovasiyaya dair ən böyük Proqramı olan “Horizon–2020” proqramı ilə bağlı AMEA-nın fəaliyyəti haqda çıxış edən AMEA Beynəlxalq əlaqələr idarəsinin rəisi Q.Babayev cari ilin yanvar ayından görülən işlərə dair hesabat xarakterli məlumatı iştirakçıların diqqətinə çatdırıb. Q.Babayev, həmçinin “Horizon-2020” proqramı ilə bağlı fəaliyyətin davamlı olacağını və gələcəkdə də Azərbaycan alimlərinin bu proqramdan bəhrələnməsi üşün fəal iş aparılacağını əminliklə qeyd edib.
Tədbirdə AMEA-nın proqram bağlı apardığı işlər Avropa Birliyi ekspertləri tərəfindən yüksək qiymətləndirilib və bu fəaliyyətin qısa zaman ərzində yüksək nəticələr verəcəyi diqqətə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.