Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.08.2014 00:00
  • A-
  • A
  • A+

“NATO-nun 2014-cü il UELS Sammiti: Proqnozlar və Perspektivlər” mövzusunda Beynəlxalq konfrans keçirildi

“NATO-nun 2014-cü il UELS Sammiti: Proqnozlar və Perspektivlər” mövzusunda Beynəlxalq konfrans keçirildi

Bu gün “Four Seasons” otelində AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutu (KİHİ) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə birgə “NATO-nun 2014-cü il UELS Sammiti: Proqnozlar və Perspektivlər” mövzusunda Beynəlxalq konfrans keçirdi.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Müdafiə, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi, Sənaye və Energetika, Daxili İşlər və digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva NATO-Azərbaycan tərəfdaşlığının bugünkü dinamikası və NATO-Azərbaycan arasındakı geniş spektrli tərəfdaşlığın gələcək perspektivləri haqqında danışdı. A.Mustafayeva, həmçinin NATO-nun Uelsdə keçiriləcək Sammitinin prioritetləri barəsində də ətraflı məlumat verdi. Millət vəkili Ermənistan-Azərbaycan cəbhəsində son günlər yaşanan gərginliklə bağlı narahatlığını ifadə etdi və Ukrayna- Rusiya hadisələrini 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə müqayisə etdi. Bildirdi ki, Rusiyaya qarşı təcili sanksiyalar qəbul olunur: “Lakin təəssüflər olsun ki, biz Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin şahidi oluruq”.

A.Mustafayeva qeyd etdi ki, hazırkı dövrdə Azərbaycan dünya üçün maraqlı ölkələrdən birinə çevrilib. Ölkəmizdə nəinki Avropa, bütün dünya ölkələrini maraqlandıran vacib layihələr həyata keçirilir.

 

Konfransda iştirakından məmnunluğunu vurğulayan Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniell Kristian Çiobanu bildirdi ki, bu tədbir Avropa Atlantika təhlükəsizliyi və NATO-nun 2014-cü il UELS Sammiti fonunda NATO Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək. Səfir həmçinin qeyd etdi ki, Şimali Atlantika Alyansı 65 il ərzində öz gücünü dünyada nümayiş etdirmişdir. Daha sonra o, NATO-nun fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, NATO yeni missiyalar öhdəliyinə götürmüşdür, yeni üzvlər qəbul etmişdir və bütün bunlarla yanaşı, öz fundamental dəyər və prinsiplərinə sadiq qalmışdır. Azərbaycan Şimali Atlantika Alyansının çox dəyərli tərəfdaşlarından biridir. NATO və Azərbaycan arasında olan əlaqə son illər çox sürətlə inkişaf etmişdir. NATO və Azərbaycan demokratik müdafiə xarakterli islahatlarda əməkdaşlıq edib və digər sahələrdə də təcrübə əməkdaşlığını inkişaf etdirmişdir.

İki hissədən ibarət olan tədbirdə KİHİ-nin şöbə müdiri, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici Uilyam Lahue “NATO-Azərbaycan əməkdaşlığı: Mövcud münasibətlər və gələcək perspektivləri”, Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiq “NATO-nun UELS Sammiti üçün prioritetlər”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfov “NATO üzv dövlətlərinə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu”, Mərakeşin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Hami “Cənubi Qafqaz regional və beynəlxalq təhlükəsizliyə təhdidlərin dəyişdiyi zamanda” mövzusunda çıxış etdilər.

Sonda konfransın mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: