AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” Məlumat Platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminar keçirilib.
Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Seminarda agentliyin eksperti Valeriya Kurmakaeva “Öz elmi məqalən üçün ən yaxşı jurnalı necə seçməli və yırtıcı jurnallardan necə qaçmalı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində “Web of Science” platformasının axtarış imkanları”, “Keyfiyyətli jurnalı yırtıcı jurnallardan necə ayırmalı?”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)” barədə danışıb.
Platformada tədqiqatçı profilinin yaradılmasının önəminə toxunan V.Kurmakaeva bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün önəmli vasitə olduğunu və istifadəçilər üçün bir çox imkanların yaradıldığını söyləyib.
Ekspert son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını vurğulayıb. Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur. V.Kurmakaeva “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyib, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.
O, daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.