AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Sənətkarın elmi pasportu” seriyasından ilk monoqrafik tədqiqat – “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ədəbiyyat tariximizdə görkəmli yer tutan sənətkarlarımızın həyat və yaradıcılıqlarının tədqiqinə yenidən qayıtmağın vacib olduğunu bildirib. Qeyd edib ki, bir sıra görkəmli şair və yazıçılarımızın həyat və yaradıcılıqlarını əhatə edən pasport kitablar uzun illərdir ki, yazılmır. “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” kitabı bu istiqamətdə gördüyümüz işlərin ilk nəticəsidir.
Daha sonra filologiya üzrə elmlər doktoru İslam Qəribli “Ədəbiyyat tarixçiliyinə yenidən qayıdış: “Əbdürrəhim bəy Haqverdiyev. Həyat və yaradıcılığı” monoqrafiyası” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, institutun yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafik tədqiqatı dövlət müstəqilliyi şəraitində milli ədəbiyyat tariximizə, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarımızın həyatı və yaradıcılığına elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı kimi böyük əhəmiyyətə malikdir.
Vurğulanıb ki, “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrünün yeni təfəkkürü işığında, mümkün qədər keçmiş sovet ideoloji stereotiplərindən fərqli mövqedən yazılıb. Monoqrafiyada görkəmli yazıçının həyatı və yaradıcılığı ədəbi-tarixi prosesin reallıqlarına uyğun şəkildə tədqiq olunub. Sovet dövründə Əbdürrəhim bəy Haqverdiyev haqqında yazılmış elmi əsərlər isə bugünkü tədqiqat üçün mənbədir.
Akademik İ.Həbibbəylinin kitaba yazdığı “Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar” adlı “Ön söz” həm “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”, həm də bütövlükdə “Sənətkarın pasportu” seriyasından nəşr ediləcək sonrakı kitablar üçün nəşrin zərurətini əsaslandıran və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri müqəddimədir.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Musayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy çıxış edərək monoqrafiyanın elmi məziyyətlərindən danışıblar. Bildirilib ki, monoqrafiyada görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli şəkildə təhlil edilib, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri: dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, habelə əsərlərində sənətkarlıq xüsusiyyətləri, ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilib.
Qeyd edək ki, layihənin ideya rəhbəri və kitabın ”Ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Monoqrafiya tədqiqatçılar, ali və orta məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.