Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, akademik Əkbər Feyzullayev, t.e.ü.f.d. Mirəli Alosmanov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli və Neft və Qaz İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
Məqsəd GGİ alimlərinin yeni ixtirası olan meliorant maddəsinin geniş müzakirəsi və gələcəkdə kommersiyalaşdırılması üzrə təkliflərin hazırlanması olub.
Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov çıxış edərək rəhbərlik etdiyi qurumun ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, bir neçə adda rəqabətədavamlı məhsulun istehsal edildiyini, ölkənin idxal asılılığının azaldılması yolunda mühüm işlərin görüldüyünü bildirib. Alim yeni ideyaların uğurlu tətbiqi üçün texniki-iqtisadi əsaslandırılmanın, həmçinin satış bazarı və marketinqin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
Sonra çıxış edən AMEA-nın müxbir üzvü D.Hüseynov GGİ alimlərinin son illər uğurlu elmi nəticələr əldə etdiyini vurğulayıb. O, innovasiyalı layihənin gələcəkdə kommersiyalaşdırlması üzrə təklifləri ekspertlərin diqqətinə çatdırıb.
İxtira barədə ətraflı məlumat verən Mirəli Alosmanov istehsalı nəzərdə tutulan yeni meliorant maddəsinin Azərbaycanda şorlaşmış torpaqların duzlardan təmizlənməsinə və yararlı vəziyyətə gətirilməsinə xidmət edəcəyini bildirib. Qeyd edib ki, yeni üzvi mineral kompleksinin istehsalı üçün xammal dağ-mədən və neft sənayesi tullantıları, məişət tullantılarının utilizasiyası nəticəsində alınan maddələr və s. ibarət olacaq.
Daha sonra M.Alosmanov YT Park ekspertlərinin suallarını cavablandırıb.
Müzakirələr zamanı məlum olub ki, istehsalı nisbətən ucuz başa gələcək "meliorant" torpağı məhsuldar vəziyyətə gətirmək üçün onu lazımi maddələrlə zənginləşdirəcək, ölkədə qeyri-məhsuldar torpaqların tam təmizlənməsi, ekoloji balansın sabitliyi, gübrə idxalının azaldılması və məhsuldarlığın artırılmasına zəmin yaradacaq.
Sonda YT Parkda təcrübə-sənaye qurğusu əsasında təklif olunan texnologiya ilə meliorant və üzvi-mineral xüsusiyyətə malik kompleks birləşməsinin istehsalı üçün hazırlıq işlərinin görülməsi və şoran torpaqlarda sınaq təcrübələrinin təşkili qərara alınıb.
Görüşdə YT Parkın infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.