Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.03.2019 10:58
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Peşəkarlar danışır” layihəsinin qonağı olub

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Peşəkarlar danışır” layihəsinin qonağı olub

28 fevral 2019-cu il tarixində ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının “Peşəkarlar danışır” layihəsi çərçivəsində AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovla “Elm və Təhsil: Yeni çağırışlar” mövzusunda görüş keçirilib.

Görüşdə Azərbaycanın elmi, habelə ali və orta təhsil müəssisələrində çalışan alimlər, müəllimlər, doktorant və magistrantlar iştirak ediblər.

Əvvəlcə alimin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

“Elm və təhsil: yeni çağırışlar” mövzusunda çıxış edən Ə.Sadıqov bildirib ki, elm tarixən insanların arzu və istəklərinin təmininə, onların problemlərinin həllinə və həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. Qeyd edib ki, bu gün cəmiyyətlərdə baş verən yeniliklər, qlobal dəyişikliklər, sənaye inqilabları və texnikanın inkişafı insanların tələbatını genişləndirib. O, bu prosesin elmin qarşısında yeni vəzifələr qoyması ilə müşayiət olunduğunu, həmçinin özü ilə bərabər yeni qlobal problemlər gətirdiyini, istehsalatın artması ilə ətraf mühitin çirkləndiyini, iqlim dəyişmələrinin baş verdiyini diqqətə çatdırıb.

Ə.Sadıqov hazırda elmin əsas çağırışları sırasında molekulyar biologiya, gen mühəndisliyi, irsiyyat mexanizmi, informasiya texnologiyaları və təhlükəsizliyi, ekoloji problemlərin həlli və s. kimi məsələlərin dayandığını vurğulayıb. Bundan əlavə, idarəetmə məsələlərinin təkmilləşdirilməsi nəticəsində avtomatlaşdırma texnikasının inkişaf etdirildiyini və nəticədə insan əməyinin tədricən sıradan çıxarılmağa doğru getdiyini deyib.

O, həmçinin qloballaşma prosesinin xalqların adət-ənənələrini, ana dilini qorumasında çətinliklər yaratdığını və bu məsələnin ictimai və humanitar elmlər qarşısında müəyyən vəzifələr qoyduğunu söyləyib.

Müasir dövrdə təhsilin çağırışlarına da toxunan alim əsas məsələnin yeni biliklərin əldə olunmasına yönəldilməsinin, eləcə də respublikada dərsliklərin keyfiyyətinin təkmilləşdirilməsi prosesinə alimlərin cəlb olunmasının, o cümlədən yeni elmi nailiyyətlərin dərsliklərdə əksini tapmasının zəruriliyini vurğulayıb.

Ə.Sadıqov hazırda AMEA tərəfindən elm və təhsilin inteqrasiyası istiqamətində bir çox layihənin icra olunduğunu, universitetlər və orta təhsil müəssisələri ilə əməkdaşlıq edildiyini, ali məktəblərdə birgə kafedraların yaradıldığını, şagirdlərin "Sabahın alimləri" müsabiqəsi çərçivəsində akademiyada təcrübə keçdiklərini bildirib.

Alim daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: