Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Dendrologiya İnstitutunda iriçiçəkli kampsis növünün Abşeron şəraitində istifadəsi elmi əsaslarla öyrənilib
01.01.1970 04:00
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda iriçiçəkli kampsis növünün Abşeron şəraitində istifadəsi elmi əsaslarla öyrənilib

Respublikamızda son dövrlərdə park və bağların yaşıllaşdırılmasında dekorativ bəzək bitkilərindən geniş istifadə olunur. Bu bitkilərin kompozisiyalarda tək və qrup şəklində yerləşdirilməsi bəzək ansamblının əsasını təşkil edir. Sahələrdə həmişəyaşıl bitkilərlə yanaşı, yarpağını tökən ağac və kol bitkiləri nəinki yayda, hətta qış fəslində, xüsusən qarlı şəraitdə öz dekorativliyi ilə gözəl görünür. Belə yarpağını tökən dekorativ ağac bitkilərindən katalpa cinsinə aid olan növlər yaşıllaşdırmada, xüsusən magistral yolların ətrafında dekorativ görünüşü ilə yanaşı, ətraf mühitin çirkləndiricilərdən mühafizəsində mühüm rol oynayır. Tədqiqat Dendrologiya İnstitutunun təcrübə sahələrində aparılıb.

Bu barədə AMEA-nın Dendrologiya İnstitutunun elmi işçisi Şəbnəm Əliyeva məlumat verib. O, katalpa cinsinə aid növlərin və tekoma cinsinə aid “Campsis grandiflora K. Schum.” iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada istifadəsi barədə elmi tədqiqat aparıb. Tədqiqatçı bildirib ki, yasəmənyarpaq katalpa növünün toxumları 2015-ci ildə Türkiyə Antalya Akdeniz Universitetinin Botanika bağından gətirilib. Tədqiqat zamanı cücərtilərin morfoloji xüsusiyyətləri müxtəlif metodikalar əsasında öyrənilib.

Qeyd olunan növlərin Abşeron şəraitində iki üsulla - toxumla və qələmlə çoxaldılması qarşıya məqsəd qoyulub. Növlərin toxumla çoxaldılması çoxmərhələli aparılıb. İlkin mərhələdə cari ildə toplanmış toxum materialının keyfiyyəti yoxlanılıb. Toxumlar payızda açıq sahədə və istixana şəraitində, yazda isə açıq sahədə əkilib. Noyabrın üçüncü ongünlüyündə əkinə başlamaq üçün sahədə torpağın turşluğunu neytrallaşdırmaq məqsədilə qabıq yonqarı superfosfat qarışığı, qum və torf qarışığı verilib. Toxumlar 8 saat xüsusi substratlarda saxlanıldıqdan sonra 1-1,2 millimetr dərinlikdə sahəyə səpilib.

Tədqiqat işində tekoma cinsinə aid “Campsis grandiflora K. Schum." iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri, çoxaldılması və yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: