Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

10.12.2020 09:57
  • A-
  • A
  • A+

AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb

AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb

Dekabrın 9-da AMEA-nın Rəyasət Heyətində “İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı”nı nəzərdə tutan sənədin imzalanma mərasimi keçirilib.

Mərasimi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq İtaliya nümayəndə heyətini akademiyada görməkdən məmnunluğunu dilə gətirib, qonaqların ölkəmizə səfərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu əlamətdar günlərə təsadüf etdiyini bildirib. Qeyd edib ki, italiyalı rəsmilərin belə bir dövrdə Azərbaycanı ziyarət etməsi ölkələrimiz arasındakı əlaqələrin, dostluq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Akademik Ramiz Mehdiyev bu gün Azərbaycanla İtaliya arasında iqtisadi, siyasi, sosial, humanitar, elm, təhsil, mədəniyyət sahələrində güclü tərəfdaşlıq münasibətlərinin olduğunu və hər keçən gün daha da dərinləşdiyini söyləyib. İtaliyanın Azərbaycanın neft-qaz sektoruna da böyük maraq göstərdiyini deyən AMEA prezidenti TAP layihəsinin istifadəyə verilməsi ilə ikitərəfli münasibətlərin genişlənəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin bu ilin fevral ayında İtaliyaya səfərini xatırladan akademik Ramiz Mehdiyev ölkə başçısının sözügedən ziyarəti çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə olunduğunu bildirib. Vurğulayıb ki, yeni yaradılacaq ali təhsil ocağında fəaliyyət göstərəcək fakültələr artıq müəyyənləşdirilib və universitet üçün xüsusi binanın inşa edilməsi də planlaşdırılır. AMEA prezidenti İtaliya-Azərbaycan Universitetinin nəzərdə tutulan fakültələri sırasında Memarlıq fakültəsinin olmasından məmnunluğunu dilə gətirib, yetişdiriləcək gənc kadrların Ermənistanın işğalı nəticəsində məhv edilmiş Azərbaycan rayonlarının bərpasına öz töhfələrini verəcəklərini söyləyib.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının 30 il ərzində Ermənistanın işğalı altında qaldığını deyən akademik R.Mehdiyev bu müddət ərzində tarixi ərazilərimizdəki mədəniyyət nümunələrinin bədnam qonşularımız tərəfindən talan edildiyini, şəhər və rayonlarımızın məhv olunduğunu qeyd edib, ermənilərin faşistlərin siyasətini davam etdirdiklərini vurğulayıb. 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdıran natiq bildirib ki, İkinci Qarabağ müharibəsi ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisi məqsədli şəkildə hədəf alınıb, Gəncə, Bərdə, Tərtər şəhərləri qadağan olunmuş silahlardan atəşə məruz qalıb. Akademik məlumat verib ki, ümumilikdə düşmənin mülki vətəndaşlarımızı atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 400-dən çox insan yaralanıb. AMEA prezidenti müharibədən sonra bütövlükdə Cənubi Qafqazda yeni vəziyyətin yarandığını deyib, bu gün Azərbaycanın regionun iqtisadi gücünün 70-75 faizini təşkil etdiyini diqqətə çatdırıb.

“İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı”nı nəzərdə tutan sənədə toxunan akademik sözügedən müqavilənin iki ölkə arasında elm-təhsil üzrə əməkdaşlıq əlaqələrini dərinləşdirəcəyini bildirib, tədricən birgə həyata keçiriləcək layihələrin genişləndirəcəyini söyləyib.

Sonra çıxış edən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün iki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrindən məmnunluq hissi duyduğunu deyən M.D.Stefano elmi-texniki-innovasiya sahələri üzrə münasibətlərimizin inkişaf etdiyini qeyd edib, bu istiqamətdə “Azərkosmos” ASC ilə İtaliya Aerokosmik Agentliyi arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb.

İtaliya-Azərbaycan Universitetinin layihəsi üzrə aparılan işlərdən məmnunluğunu dilə gətirən qonaq iki ölkə arasında elmi sahədə də protokolun imzalanmasının təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. İtaliyada gənclərin elmə, təhsilə böyük önəm verdiklərini deyən Manlio Di Stefano Əməkdaşlıq üzrə İcra Proqramının imzalanmasının dostluq münasibətlərimizi zənginləşdirəcəyini bildirib. O, ilkin olaraq 4 layihə üzrə tədqiqatların aparılacağını və gələcəkdə mərhələli şəkildə birgə araşdırmaların genişləndiriləcəyini söyləyib.

Daha sonra “İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı” imzalanıb. Sözügedən sənədi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.

Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Tədbirdə AMEA tərəfdən akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, AMEA Prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva iştirak ediblər.

İtaliyanın nümayəndə heyətinin tərkibində isə bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano, Dövlət katibinin aparat rəhbəri Sergio Maffettone, köməkçisi Vittorio Maiorana, Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası, Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya Bölməsinin rəhbəri Fabrizio Di Michele, İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Augusto Massari, səfirin müavini Umberto Boeri və səfirliyin iqtisadi məsələlər üzrə attaşesi Lorena Maschietto təmsil olunub.

Qeyd edək ki, 1 iyun 2002-ci il tarixində Bakıda imzalanmış və 2005-ci ildə qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2018-ci ildə İtaliya tərəfindən Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramının hazırlanması təklif olunub. Bu məqsədlə 2019-cu ildə AMEA və İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən tədqiqatçıların mübadiləsini nəzərdə tutan müştərək layihə müsabiqəsi elan edilib.

Müsabiqə yer elmləri, tibb və biotibb, fizika və astrofizika, mədəni irsə tətbiq olunan texnologiyalar kimi prioritet tədqiqat sahələrini əhatə edirdi və hər iki ölkənin tədqiqat, təhsil və səhiyyə müəssisələrinin iştirakını nəzərdə tuturdu. İki ölkənin alimləri tərəfindən müştərək təqdim edilmiş 20 layihə arasından Azərbaycan və İtaliya tərəfinin ekspertiza qiymətləndirməsi nəticəsində 2 biotibb, 1 yer elmləri və 1 mədəni irsin mühafizəsi üzrə layihə qalib olub. Bu layihələrin icrası üzrə “İtaliya Respublikasi Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı” hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: