Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

12.04.2021 10:24
  • A-
  • A
  • A+

Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə YUNESKO kafedralarının tədbiri keçirilib

Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə YUNESKO kafedralarının tədbiri keçirilib

Ankara Hacı Bayram Vəli Universitetinin “Rəsmi və qeyri-rəsmi təhsildə qeyri-maddi mədəni irs YUNESKO kafedrası”, AMEA-nın Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO Aşıq Şəmşir kafedrası, YUNESKO üzrə Türkiyə Milli Komissiyası, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, YUNESKO-ya akreditə olunmuş qurumlar ─ Qeyri-maddi mədəni irs dərnəyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi birlikdə “Türkiyə və Azərbaycan Qeyri-Maddi Mədəni İrs üzrə YUNESKO kafedralarının onlayn məsləhətləşmə toplantısı” adlı tədbir keçirilib.

YUNESKO üzrə Türkiyə Milli Komissiyasının rəhbəri prof. Öcal Oğuz çıxış edərək, bu görüşün Türkiyə və Azərbaycanın YUNESKO kafedraları ilə bağlı ilk tədbir olduğunu qeyd edib. O, Türkiyə və Azərbaycan kafedraları arasındakı əməkdaşlıqda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanovun böyük əmək və dəstəyini qeyd edib. Prof.Ö.Oğuz son dövrlər YUNESKO kafedralarının Türkiyədə böyük rəğbət və maraqla qarşılandığını vurğulayıb.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək, qeyri-maddi mədəni irsin qorunması istiqamətində hər iki ölkədə fəaliyyət göstərən YUNESKO kafedralarının əməkdaşlığının qardaş ölkələrin mədəni irsinin öyrənilməsi, qorunması və təbliğı istiqamətində birgə fəaliyyətlərinin daha da gücləndirməsinə yeni  imkanlar yaradacağını ifadə edib.

Daha sonra Ankara Hacı Bayram Vəli Universiteti Türk Xalq Bilimi Uyğulama və Araşdırma Mərkəzinin nümayəndəsi Dr.Gözde Tekin çıxış edərək təmsil etdiyi mərkəzin fəaliyyətindən, araşdırma və layihələrdən, fəaliyyət göstərən muzeyin işindən, nəşrlərdən, iş birlikləri və YUNESKO kürsülərindən bəhs edib.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. O, Türkiyədəki qurumlarla, xüsusən YUNESKO xətti ilə qurulan təşkilatlarla əməkdaşlığa böyük ehtiyac olduğunu vurğulayıb. Akademik sahəsindən asılı olmayaraq təhsil, musiqi, dastançılıq ənənəsi və s. ilə bağlı qurulan kürsülərin bir-birinə yaxınlaşmasına böyük ehtiyac olduğunu qeyd edib. O, ortaq problemlərin tapılmasını da zəruri hesab edib. M.İmanov Yunus Əmrə İnstitutu ilə Folklor İnstitutunun əməkdaşlığına toxunaraq, gələcəkdə  Ankara Hacı Bayram Vəli Universiteti Türk Xalq Bilimi Uyğulama və Araşdırma Mərkəzi ilə də əməkdaşlığın qurulmasını vacib sayıb.

Açılış iclasında həmçinin Ankara Hacı Bayram Vəli Universitetinin nümayəndəsi Dr. Ahmet Erman Aral çıxış edərək, təmsil etdiyi qurumun önə çıxan fəaliyyətlərindən bəhs edib.

Açılış iclasından sonra tədbir öz işini kafedra çıxışları ilə davam etdirib. Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d.Ramazan Qafarlı “Türk xalqlarının ortaq mənəvi dəyərlərinin öyrənilməsində, təbliğində ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və YUNESKO kafedralarının rolu” mövzusunda çıxış edərək bildirib ki, YUNESKO kafedraları ali təhsil və elm müəssisələri ─ universitetlər və akademiyaların elmi-tədqiqat institutları arasında əməkdaşlığı, akademik mobilliyi gücləndirmək üçün Qlobal Fəaliyyət Planının ayrılmaz hissəsidir. YUNESKO kafedraları proqramı universitetlərarası əməkdaşlığın inkişafının əsas forması hesab edilir, tədris, təlim və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə kömək etmək məqsədi güdülür. R.Qafarlı Türk xalqlarının uşaq folklorunun müştərək öyrənilməsi və təbliği ilə məşğul olacaq YUNESKO kafedrasının açılmasının vacibliyini vurğulayıb.

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d.,prof.Seyfəddin Rzasoy  isə “Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində kafedraların sayının artması üçün görüləcək işlər” mövzusunda çıxış edərək, qeyri-maddi mədəni irsin öyrənilməsi, təbliği sahəsində Türkiyə kafedralarının iş təcrübəsinin son dərəcə böyük olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan kafedraları bu təcrübəni həm nəzəri, həm də praktiki planda öyrənməlidir. Prof.S.Rzasoy YUNESKO kafedraları qarşısında duran mühüm məsələlərdən birinin Novruz mərasim kompleksini geniş şəkildə öyrənmək olduğunu qeyd edib.

Prof.Metin Ekici də çıxış edərək bidirib ki, qeyri-maddi mədəni irsin qorunmasında ən başlıca hədəf mirası yaşadaraq qorumaqdır. O, bu cür tədbirlərin əldə edilən təcrübələrin paylaşılması baxımından önəmli olduğunu qeyd edib.

Tədbir iştirakçılarından prof.Muxtar Kutlu, prof. Əli Duymaz, prof.Dilavər Düzgün, Fazil Qasımov və başqaları çıxış edərək kafedraların gələcək perspektivlərini müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: