Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

19.10.2015 12:48
  • A-
  • A
  • A+

“Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi seminar işə başladı

“Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi seminar işə başladı

Oktyabrın 19-da AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və dünya incəsənətində soyqırımı” mövzusunda beynəlxalq elmi seminar işə başladı.

Tədbiri giriş sözü ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə beynəlxalq seminarın azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlərdən olduğunu bildirdi. Qeyd etdi ki, bu gün yerli və xarici alimlərin yaradıcılığında soyqırımı mövzusu çox aktualdır və xarici həmkarlarımız beynəlxalq seminara xüsusi diqqət və maraq göstəriblər.

Ötən il akademiyada soyqırımı tədqiqatlarının təşkili məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın yaradıldığını söyləyən Ə.Salamzadə komissiya tərəfindən həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, komissiya tərəfindən soyqırımı mövzusunda bir sıra tədbirlər həyata keçirilmiş, zəruri tarixi sənədlər aşkara çıxarılıb kitab halında nəşr edilmiş, bu sahədə elmi-tədqiqat işləri genişləndirilmişdir.

Tədbirdə institutun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “İncəsənətdə Xirosima faciəsinin bədii təcəssümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aidə Sadıqovanın “Soyqırımı tarixi hadisə kimi”, Marina Genkinanın (İsrail) “Xolokost mövzusu və İsrail incəsənəti”, Səid Qalimjanovun (Qazaxıstan) “XX əsrin 30-cu illərində Qazaxıstana deportasiya olunmuş alman rəssamlarının yaradıcılığına dair”, Marina Şelestin (İsrail)  “”Yerusəlim “Skitsa” qaleriyasının layihələrində Xolokost mövzusu”, Rəna Abdullayevanın “Xolokost İ.Kleynerin yaradıcılığında” və Ərtegin Salamzadənin “Azərbaycan incəsənətində soyqırımı” mövzusunda məruzələr dinlənildi.

Məruzələrdə Xocalı, Xolokost, Xirosima faciələrinin Azərbaycan və dünya incəsənətində müxtəlif formada işıqlandırlımasına dair fakt və nümunələr slaydlar vasitəsilə diqqətə çatdırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Share: