Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

“Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib
18.01.2017 16:46
  • A-
  • A
  • A+

“Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mirzə Ələkbər Sabirin 155 illiyi münasibətilə şairin Mərkəzi Elmi Kitabxanada (MEK) və ev muzeyində olan sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsinin, M.Ə. Sabir Fondu tərəfindən hazırlanmış "MEK-in virtual bələdçisi"nin təqdimatı olub.

MEK-ın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MEK-in 2016-cı ildə əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ötən ildə  Vahid İdarəetmə Sistemi hazırlanıb və onun tətbiqinə başlanılıb, MRY layihəsi işlək vəziyyətə gətirilib. Həmçinin Vikipediyaya məqalələrin daxil edilməsi üçün AMEA qurumlarına və kənar təşkilatlara sistemli təlimlər keçirilib, Azərbaycanda 17 ən qədim kitab aşkarlanaraq mütəxəssislərin ixtiyarına verilib, Qanunvericiliyə, o cümlədən “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər verilib, ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edilib.

L.İmanova M.Ə.Sabir Fondu ilə uzunmüddətli əməkdaşlıq layihəsinə başlanıldığını bildirib. Əməkdaşlıq çərçivəsində MEK-də Sabirə aid olan və eyni zamanda Sabirin ev muzeyində mühafizə olunan sənədlərin sistemləşdirilməsi, rəqəmsallaşdırılması, e-kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi, Sabirin 155 illiyinin kitabxanada qeyd olunması və s. nəzərdə tutulur. L.İmanova bildirib ki, fondla birgə özəl format təkliflərinin müsabiqəsinin keçirilməsi, unikal nüsxələrdən ibarət sərginin təşkil olunması, MEK-in rəqəmsal bələdçilərinin hazırlanması planlaşdırılır.

Sonra çıxış edən MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qeyd edib ki, M.Ə. Sabirin 155 illiyi münasibətilə kitabxananın gördüyü işlər, fond tərəfindən hazırlanmış "MEK-in virtual bələdçisi"nin təqdimatı böyük önəm daşıyır.  M.Göyüşlü MEK-in ictimaiyyətlə əlaqələrinin yeni, aktiv və operativ kommunikasiya məcrasına keçdiyini, ilk dəfə olaraq bütün sosial media imkanlarından istifadə edilməklə, məlumatın formalaşdırılmasında MEK əməkdaşları ilə yanaşı və akademik icmanın iştirakının da təmin olunduğunu söyləyib. Çıxışçı mek.az saytında xəbərlərin operativ şəkildə üç dildə yayımlandığını, gələcəkdə saytda canlı yayımı təşkil etməyi planlaşdırdıqlarını da dilə gətirib.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Sabir Fondunun əməkdaşı Nurlan Tahirlinin hazırladığı “MEK-in virtual bələdçisi”ni təqdim edib. A.Səfərova “Virtual bələdçi”nin vasitəsilə tədbir iştirakçılarını kitabxana binasının bütün mərtəbələri ilə - oxu zalları və onların istirahət otaqları, sərgi salonu, akademiklər zalı, konfrans zalları, o cümlədən, sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla ətraflı şəkildə tanış edib. A.Səfərova daha sonra M.Ə. Sabirin “Hophopnaməsi”nin nümunəsində “Bir kitabın izi ilə” adlı təqdimatında kitabın MEK-ə daxil olduğu andan, qeydiyyata salınma, MRY bazasına daxil edilmə, saxlanca verilmə anına qədər olan məqamları iştirakçılara təqdim edib.

Sonda, çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli kitabxana ilə ilk tanışlığında Fondun MEK-lə əməkdaşlığının vacib olduğu vurğulayıb. O, Sabirin 155 illiyi ərəfəsində ədibin kitablarının və ona aid olan digər sənədlərin rəqəmsallaşdırılaraq oxuculara hədiyyə edilməsinə diqqət çəkib. S.Tahirli təqdimata görə hər kəsə təşəkkür edib, bundan sonra da əməkdaşlığı davam etdirəcəklərini deyib.

  • Share: