Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib
18.01.2017 16:46
  • A-
  • A
  • A+

“Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.

Tədbirdə M.Ə.Sabirin 155 illiyi münasibətilə şairin MEK-də və ev muzeyində olan sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsinin, M.Ə.Sabir Fondu tərəfindən hazırlanmış "MEK-in virtual bələdçisi"nin təqdimatı olub.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi müəssisənin 2016-cı ildə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, müəssisədə Vahid İdarəetmə Sistemi hazırlanıb və onun tətbiqinə başlanılıb, həmçinin Vikipediyaya məqalələrin daxil edilməsi üçün AMEA qurumlarına və kənar təşkilatlara sistemli təlimlər keçirilib, ilk dəfə elektron resursların istifadəsinə imkan verən müəllif hüquqları müqaviləsi tətbiq edilib.

L.İmanova Mirzə Ələkbər Sabir Fondu ilə uzunmüddətli əməkdaşlıq layihəsinə başlanıldığını deyib. Bu əməkdaşlıq çərçivəsində MEK-də Sabirə aid olan və eyni zamanda, şairin ev-muzeyində saxlanılan sənədlərinin sistemləşdirilməsi, rəqəmsallaşdırılması, elektron kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi, eləcə də Sabirin 155 illiyinin kitabxanada keçirilməsi nəzərdə tutulur. O, fond ilə birgə müsabiqənin keçiriləcəyini, unikal nüsxələrdən ibarət sərginin təşkil olunacağını, MEK-in rəqəmsal bələdçilərinin hazırlanacağını deyib.

Sonra çıxış edən MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Göyüşlü mek.az saytında xəbərlərin üç dildə operativ yayımlanmasından, sosial şəbəkələrdə yerləşdirilməsindən, media ilə münasibətlərdən bəhs edib. O, gələcəkdə media ilə əlaqələri online avtomat rejimə keçirməyi, kitabxana həyatından MEK-in saytına canlı yayım təşkil etməyi planlaşdırdıqlarını bildirib.

MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Sabir Fondunun əməkdaşı Nurlan Tahirlinin hazırladığı “MEK-in virtual bələdçisi”ni təqdim edib. A.Səfərova “Virtual bələdçi”nin vasitəsilə tədbir iştirakçılarını kitabxana binasının bütün mərtəbələri ilə - oxu zalları və onların istirahət otaqları, sərgi salonu, akademiklər zalı, konfrans zalları, o cümlədən, sənədlərin qorunduğu saxlanclarla, yardımçı fondlarla tanış edib.

Daha sonra Sabirin “Hophopnamə”si əsasında “Bir kitabın izi ilə” adlı təqdimat olub. Kitabın MEK-də qeydiyyata salınmasından MRY bazasına daxil edilməsinədək olan məqamlar iştirakçılara təqdim olunub.

Sonda çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli Fondun MEK-lə əməkdaşlığının vacibliyini vurğulayıb. O, Sabirin 155 illiyi ərəfəsində ədibin kitablarının və ona aid olan digər sənədlərin rəqəmsallaşdırılaraq oxuculara hədiyyə edilməsini yüksək dəyərləndirib. S.Tahirli təqdimata görə hər kəsə təşəkkür edib, bundan sonra da əməkdaşlığı davam etdirəcəklərini deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: