www.science.az
06.12.2019 09:46

Kompüter elmləri üzrə elmi şuranın ilk iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Kompüter elmləri üzrə elmi şuranın ilk iclası keçirilib.

Şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

Alim əvvəlcə şuranın fəaliyyət göstərməsi üçün mövcud olan normativ-hüquqi bazanı təşkil edən sənədlər barədə məlumat verib. Bildirib ki, şuranın fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin Sərəncam və Fərmanları, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin müvafiq qərarları, habelə Elmi istiqamətlər üzrə elmi şuralar haqqında Əsasnamə ilə tənzimlənir.

AMEA-nın müxbir üzvü Ə.Sadıqov qurumun qarşısında duran əsas vəzifələrdən, “Kömpüter elmləri” ixtisası və bu elm sahəsi üzrə ölkəmizdə və dünyada aparılan elmi tədqiqatlardan bəhs edib.

Sonra şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Ağası Məlikov və professor Oqtay Nüsrətov çıxış edərək kömpüter elmlərinə aid olan ixtisasların dəqiqləşdirilməsinin və bu sahədə aparılan tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, bu məqsədlə İşçi qrupunun yaradılması təklifini irəli sürüblər.

Müzakirəyə çıxarılan növbəti məsələ doktorant və dissertantların tədqiqat mövzularının təsdiqi olub.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov, professorlar Sayəddin Cəfərov, Ələkbər Əliyev və dosent Ədalət Paşayev çıxış edərək öz təkliflərini səsləndiriblər.

İclasa yekun vuran Əminağa Sadıqov müzakirələr zamanı səslənən təkliflər əsasında müvafiq sənədin hazırlanacağını və şuranın növbəti iclasında təsdiq olunacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.