Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.07.2021 14:51
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə görüş keçirilib

Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə görüş keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin ailə üzvləri ilə görüş keçirilib.

Görüşdə muzeyin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dos. Afət Rüstəmbəyova şəhidin ailə üzvlərinə başsağlığı verib, onlara səbir diləyib. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində daim yaşayacaq, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq.

Sonra şəhidin ailə üzvləri muzeydə 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Anadır arzulara hər zaman Qarabağ” sərgisi ilə tanış olublar.

Sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərdiyi köməyə görə şəhid Vüsal Allahverdiyevin anasına təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, Vüsal Allahverdiyevin şəxsi əşyaları sözügedən sərgidə nümayiş olunur.

16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olan şəhid Vüsal Allahverdiyev 2006-2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və kredit fakültəsində ali təhsil alıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində 1 oktyabr tarixindən könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşub.

30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub, Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: