Oksford Universitetinin Yer Elmləri Departamentinin dəvəti ilə Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir.
Səfərdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA-nın müxbir üzvü Rəşid Cavanşir, RSXM-nin Elmi işlər üzrə müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak edirlər.
Səfərin məqsədi Böyük Britaniya Tədqiqat Şurası tərəfindən maliyyələşdirilən toplantı çərçivəsində mövcud birgə işlərin nəticələrini təqdim etmək, zəlzələ təhlükəsi ilə bağlı birgə tədqiqatların gələcək istiqamətlərini müzakirə etmək, həmçinin regionda daha geniş əməkdaşlıq potensialını müzakirə etməkdir.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oksford Universiteti arasında birgə seysmoloji və paleoseysmoloji tədqiqatlar aparılır. Oksford Univeristetinin nümayəndələri bununla bağlı bir neçə dəfə Azərbaycanda səfərdə olublar.
Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyətinin səfəri də birgə tədqiqatların davam etdirilməsi istiqamətində keçirilən işgüzar görüşlərlə bağlıdır.
İclasda Oksford Universitetinin professoru Riçhard Voalker və London İmperial Kollecinin əməkdaşı Dylan Rood Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatlar haqqında məruzələr təqdim ediblər.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan birgə tədqiqatların nəticələrini isə RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdim edib.
Səfər davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.