Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.04.2024 09:25
  • A-
  • A
  • A+

Özbəkistanlı alim Əlyazmalar İnstitutunun qonağı olub

Özbəkistanlı alim Əlyazmalar İnstitutunun qonağı olub

Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru professor Azamat Ziyo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonağı institutun direktoru akademik Teymur Kərimli qəbul edib. Görüşdə institutun direktor müavini dosent Əzizağa Nəcəfzadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Rübabə Şirinova iştirak edib.

Dəyirmi masa ətrafında keçən görüşdə Əlyazmalar İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutu arasında elmi əlaqələrin və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Professor Azamat Ziyo rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində 26 min əlyazmanın qorunub saxlanıldığını və onların içərisində Azərbaycana, o cümlədən, Azərbaycan müəlliflərinin əsərlərinə dair əlyazmaların da olduğunu bildirib. Əlyazmalar İnstitutu ilə elmi əlaqələrin genişlənməsi və möhkəmlənməsində maraqlı olduğunu diqqətə çatdıran alim qonağı olduğu elmi-tədqiqat müəssisəsində qorunan Özbəkistan xalqının tarixinə dair əlyazmaların tədqiqi ilə bağlı birgə əməkdaşlıq müqaviləsinin imzalanması təklifini irəli sürüb ki, bu təklif akademik Teymur Kərimli tərəfindən qəbul olunub.

Görüş əsnasında institutun direktoru qonağa Əlyazmalar İnstitutunda qorunan, tarixə və coğrafiyaya dair Türkdilli və Farsdilli əlyazmaların kataloqunu təqdim edib, “Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını hədiyyə edib. Prof. Azamat Ziyo da öz növbəsində akademik Teymur Kərimliyə Özbəkistan milli ornametini özündə əks etdirən ənənəvi naxışlarla bəzədilmiş dekorativ nümunə hədiyyə edib.

Görüşdən sonra özbək alim Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olub. Tanışlıq zamanı Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova qonağa Əlyazmalar İnstitutunda mühafizə olunan özbək yazılı abidələri, zalda nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri haqda məlumat verib.

Daha sonra prof. Azamat Ziyo Əlyazmalar İnstitutunun fondları ilə tanış olub. İnstitutun baş mühafizi fil.ü.f.d., dosent Səbinə Əhmədova ona burada qorunan nadir əlyazmalar və materiallar haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: