Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Pakistanlı alim Gəncə Bölməsinin qonağı olub
24.04.2024 14:17
  • A-
  • A
  • A+

Pakistanlı alim Gəncə Bölməsinin qonağı olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasında beynəlxalq elmi konfransda iştirak etmək üçün gələn  Nizami Gəncəvi irsinin tədqiqatçısı,  Pakistan İslam Respublikasının  Lahor GC Universiteti Udru dili və ədəbiyyatı bölməsinin dosenti,  həmin universitetin “Məclisi İqbal” (Majilis İqbal) ədəbi məclisinin rəhbəri, “Təhqiq Namə” (Tahqeeq Name) elmi araşdırmalar jurnalının icraçı redaktoru, “Təxliqi Müqərrər” elmi araşdırmalar jurnalının redaktoru, doktor Safeer Hydar Gəncə şəhərində olub.

Pakistanlı alimin əsas məqsədi Azərbaycanın qədim və zəngin mədəniyyəti, tarixi ilə əyani şəkildə tanışlıq və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət etmək olub.

Səfər dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məzarı üzərində ucalan  məqbərəsinin ziyarəti ilə başlayıb. Qonaqları AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev, Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı qarşılayıblar.

Əlimuxtar Muxtarov pakistanlı qonağa dahi şairin zəngin bədii irsi, onun milli kimliyi barədə ətraflı məlumat verib, o cümlədən Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsi ilə bağlı görülən işlərdən, aparılan tədqiqatlardan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi mütəfəkkirin şəxsiyyəti, yaradıcılığı ilə bağlı həyata keçirdiyi xidmətlərdən, keçən əsrin 80-ci illərində 840 illik yubileyinin  keçirilməsinə nail olmasından ətraflı söhbət açıb.

Mərkəzin direktoru, eyni zamanda müasir Azərbaycan nizamişünaslığının dünya nizamişünaslığı səviyyəsinə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi tarixi fəaliyyətlər kontekstində dahi mütəfəkkirin anadan olmasının 870 illiyinin keçirilməsi, həmçinin şairin 880 illiyi ilə əlaqədar 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan edilməsi haqqında qonağa məlumat verib. O, qonağın nəzərinə çatdırıb ki, ölkə rəhbərinin 2012-ci ildə imzaladığı Sərəncamla fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Preidentin himayəsi altında 2013-cü ildən etibarən həyata keçirdiyi Qlobal Bakı Forumları, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Gəncədə əzəmətli Nizami Gəncəvi Muzeyinin inşa edilməsi, “Xəmsə”sinin  nəfis şəkildə çap edilməsi, dünya ölkələrində abidələrinin ucaldılması, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərməsi, müəssisə və təşkilatlarda fundamental monoqrafiyaların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsinə olan diqqət, qayğı və sevginin təzahürüdür. 

Daha sonra  qonaqlar böyük şairin məqbərəsinin yaxınlığında onun atası Yusifin və anası Rəisənin məzarlarını, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Nizami Gəncəvi muzeyini, şairin yaratdığı qəhrəmanların əhvalatlarını təsvir edən heykəltəraşlıq kompozisiyalarını, eləcə də onun “Xəmsə”sinə daxil olan əsərləri simvolizə edən beş möhtəşəm kitab-abidələri ziyarət ediblər. 

Səfər çərçivəsində İslam dünyasının ən qədim abidələrindən biri olan “İmamzadə” Dini Memarlıq Kompleksi, şəhərin hüdudlarındakı digər tarixi abidələr də ziyarət olunub.

Sonra qonaqlar AMEA Gəncə Bölməsində və onun Nizami Gəncəvi Mərkəzində olublar. Pakistanlı alimə Mərkəzin işi, tədqiqat istiqamətləri və elmi nəşrləri haqqında ətraflı məlumat verilib. Qonaqlar, həmçinin qardaş Özbəkistan alimləri ilə sıx əlaqələrin nəticələrindən biri kimi, burada yeni yaradılmaqda olan Əlişir Nəvai tədqiqat ocağı ilə tanış olublar. Onlara bildirilib ki, Türk ədəbiyyatının böyük simalarından olan, özünü dahi Nizaminin mənəvi şagirdi saymış Nəvainin şərəfinə Gəncədə tədqiqat ocağının yaradılması özbək və Azərbaycan xalqlarının və ədəbiyyatlarının qardaşlıq simvollarındandır.

AMEA Gəncə Bölməsindəki görüşlər  elmi və mədəni əlaqələrimizin gələcək inkişafı baxımından olduqca maraqlı və işgüzar şəraitdə keçib. Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzində aparılan tədqiqat işləri haqqında qonağa məlumat verilib.

Sonda doktor Safeer Hydara Gəncə və Nizami Gəncəvi ilə bağlı kitab və suvenirlər hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: