www.science.az
05.07.2019 09:44

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

AMEA-nın Tarix İnstitutunda AR Dövlət Turizm Agentliyinin nümayəndələrilə görüş keçirilib.

Görüşdə institutun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Azərbaycanın dünya səviyyəli turizm mərkəzinə çevrildiyini və son illərdə ölkəmizə böyük turist axınının olduğunu söyləyib. Akademik qeyd edib ki, Tarix İnstitutu Azərbaycan tarixinə dair məlumatların turistlər arasında düzgün yayılması istiqamətində Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq edəcək.

Sonra çıxış edən agentliyin əməkdaşı Elşən Mustafayev bildirib ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq qoruqları agentliyin tabeliyindədir. O, hazırda agentliyin AMEA və onun institutları ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyini vurğulayıb.

İclasda, həmçinin tariximizlə bağlı məlumatları özündə əks etdirən broşürlərin hazırlanması da müzakirə olunub. Bildirilib ki, bu işdə tarixçi alimlər agentliyə yaxından kömək edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.