www.science.az
05.07.2019 15:24

Litvanın LITNET akademik və tədqiqat şəbəkəsi ilə AzScienceNet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

İyulun 4-də AMEA Rəyasət Heyətində Litvanın LITNET akademik və tədqiqat şəbəkəsinin mütəxəssisləri – Eimantas Serpenskas, Vilius Palubinskas və Justas Umbrasas ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev və müəssisənin 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev iştirak ediblər.

Akademik Rasim Əliquliyev qonaqları salamlayaraq rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri haqqında məlumat verib, qurumda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını qeyd edib.

İnstitutun AzScienceNet elm kompüter şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik R.Əliquliyev bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə etməklə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğulayıb. 

Görüşdə LITNET şəbəkəsinin mütəxəssisləri E.Serpenskas, V.Palubinskas və J.Umbrasas tərəfindən AzScienceNet şəbəkəsinin əməkdaşları üçün “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən treninqlər haqqında məlumat verilib. Bildirilib ki, treninqdə standartlar, həllər və arxitekturlara dair əsaslar tədris olunub, müvafiq proqram təminatı və arxitekturun seçilməsi, yerli federasiyaların qurulması, EduGAIN xidmətinə qoşulma və EduRoam xidmətinin quraşdırılmasına dəstək göstərilib.

Sonra çıxış edən Eimantas Serpenskas institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib, AzScienceNet şəbəkəsinin geniş imkanlara malik olduğunu bildirib. Qonaq fəaliyyət göstərdiyi LITNET şəbəkəsi haqqında məlumat verərək GEANT Assosiasiyasının üzvü olan şəbəkənin altı texniki mərkəzdən ibarət olduğunu vurğulayıb. O, LITNET-in GEANT Assosiasiyasının EapConnect layihəsi çərçivəsində hər zaman İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa maraqlı olduğunu ifadə edib. 

Sonda AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsi, institut əməkdaşlarının LITNET akademik və tədqiqat şəbəkəsi tərəfindən təşkil olunan təlimlərdə mütəmadi olaraq iştirakının təşkili istiqamətində müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.