Əvvəlcədən deyim ki, bu yazının AMEA prezidenti, akademik Ramiz Mehdiyevin ətrafında son həftələr qaldırılan və hələ də davam edən “diskussiyalara” dəxli yoxdur. Məqsəd bütün bu qalmaqal və kampaniya arxasında Ramiz müəllimin bu gün rəhbərlik etdiyi AMEA-nın nüfuzuna vurulan zərbə və yayılan şayiələr ilə bağlı uzun illər akademiya sistemində çalışan sıravi əməkdaş kimi narahatlığımı bildirməkdir. Doğrusu akademiyanın yüksək rəhbər eşelonu – Rəyasət Heyəti və akademiklər caməəsinin nə üçün indiyədək məhz AMEA-nın nüfuzu bucağından bütün bu söhbətlərə münasibət nümayiş etdirmədikləri mənim üçün sual olaraq qalır. Lakin bu sualın cavabını onların özünə buraxaq.
Mən isə bu yazımın qərəz, yaxud müdafiə, ümumiyyətlə hər hansı üstüörtülü niyyətlə deyil, tam açıq və səmimiyyətlə qələmə alındığını göstərmək üçün yəqin ki, akademik Ramiz Mehdiyevlə şəxsən tanış olduğum vaxtdan başlamalıyam.
1980-ci illərin sonu – 1990-cı illərin əvvəlləri idi. Dağlıq Qarabağ münaqişəsi getdikcə güc toplayırdı, ölkədə mütəmadi hakimiyyət dəyişiklikləri baş verirdi, kommunist rəhbərliyinin bəzi funksionerləri tutduqları vəzifələrdən azad edildikcə elmi dərəcələri olanlar Elmlər Akademiyasına, əsasən ictimai elmlər üzrə institutlara, bir qayda olaraq şöbə müdirləri vəzifələrinə gəlirdilər, bəzən onlar üçün xüsusi şöbələr də açılırdı. O vaxtlar mənim İran üzrə mütəxəssis kimi çalışdığım İctimai-siyasi tədqiqatlar və İnformasiya institutu akademiya rəhbərliyinin bu “yeni” əməkdaşlar üçün məqbul bildiyi və yəqin ki, onların özlərinin də daha çox üstünlük verdiyi elmi mərkəz idi. Belə ki, kiçik fasilələrlə bizim institutda sözün əsl mənasında böyük alimlər və vaxtilə keçmiş yüksək vəzifə daşıyıcıları yığışmışdılar: çox-çox dəyərli, müdrik, elm və el ağsaqqalları, akademiklər Əlisöhbət Sumbatzadə və Tofiq Köçərli, elm aristokratı və alicənablıq təcəssümü akademik Əfrand Daşdəmirov, olduqca səmimi, mehriban və əqidəli insan, kommunist ideallarından dönməyən Ramiz Əhmədov... Allah onların hər birinə qəni-qəni rəhmət eləsin. Sonra Ramiz Mehdiyev gəldi, ondan da sonra, artıq Mütəllibov komandası hakimiyyətdən uzaqlaşanda və Ramiz müəllim yenidən Prezident Aparatına (PA) qayıdanda onun yerini Rasim Ağayev tutdu. Bu iki sonuncular, mənim bilavasitə çalışdığım şöbənin müdiri olublar. Əsl intellektual, mədəni, şux xasiyyətli, fikri açıq, söhbətcil Rasim müəllim sonralar elə iş yerində həbs edildi. O zaman mən artıq həmin institutda işləməsəm də, yadımdadır ki, bu hadisə mənə çox ağır təsir etmişdi. Şükürlər ki, çoxdan azad olub və öz yazı-pozusu ilə məşğuldur.
Adlarını çəkdiyim bütün bu şəxsiyyətlərlə birgə işləmək bizim, o dövr orta nəsil alimlər üçün olduqca maraqlı və ibrətamiz idi. Belə ki, artıq vəzifədən getmiş bu insanları tamamilə başqa bir rakursda, daha canlı, təbii, səmimi ünsiyyətdə görürdük, bir alim kimi söhbətlərini dinləyirdik, mübahisələr edirdik, onlar tərəfindən də qarşılıqlı hörmət və dəstək alırdıq. O vaxtlar Ramiz Mehdiyev özünün doktorluq dissertasiyası üzərində işləyirdi, Əfrand müəllimlə onların saatlarla necə ciddi elmi müzakirələr apardıqlarının şahidi olurduq, təbii ki, bu adamların elmi səviyyəsini hər hansı sual altına almaq heç ağlımıza belə gəlmirdi. Bizim şöbə institutun ən geniş profilli və məhsuldar şöbəsi idi. İctimai elmlərin 5 sahəsi üzrə xarici ölkələrdə çap olunan elmi ədəbiyyatın 7-8 xarici dildən tərcümədə rus dilində ildə 9-10 elmi-təhlilli geniş referativ toplular hazırlayırdıq. Bundan əlavə, bəzən müxtəlif ölkələrə dair xüsusi təyinatlı siyasi xülasələr də yazırdıq. Ramiz müəllim 5 il bu şöbənin müdiri işlədi. İnstitutun rəhbərliyi həmin dövrün tez-tez dəyişən siyasi konyukturasına uyğun olaraq ilk vaxtlar onun özünə və bu səbəbdən şöbəmizin işinə qərəzli “tənqidi”, bəzən olduqca ədalətsiz münasibət bəsləsə də, Ramiz müəllim əməkdaşlarımızın da müdaxiləsi ilə, özünə və şöbəmizə olan bu münasibəti dəyişə bildi. Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi. Odur ki, Ramiz müəllim üçün bu münasibət “dəyişiklikləri” yeni olmasın gərək.
O illərdə mən onu son dəfə akademiyada elə doktorluq dissertasiyasının müdafiəsi zamanı görmüşdüm. Sonralar Ramiz müəllim AR PA başçısı kimi Elmlər Akademiyasının illik yığıncaqlarına gələrkən hər institutun hazırladığı hesabat-kitablar sərgisində mənim də kitablarıma maraq göstərdiyini bilirdim. 2, ya 3 dəfə bu kitablar və verdiyim elmi müsahibələrlə bağlı mənə evə telefon da açıb, elə spesifik suallar vermişdi ki, düzü bu müsahibələri oxuduğuna və qoyulan məsələlərə belə dərindən və ciddi maraq göstərdiyinə heyrətlənmişdim. O, danışıqların birində köməkçisinin telefonunu almağı, hər yeni kitabım çıxdıqca şəxsən ona çatdırmağı xahiş etmişdi. Təsdiq edin ki, hər bir alim üçün belə diqqət və qiymət çox xoşdur.
Daha iki dəfə mən özüm köməkçisi vasitəsilə məktubla ona müraciət etmişəm və hər iki halda müsbət reaksiya görmüşəm. Quba şəhərində 1918-ci il Quba soyqırımına həsr edilmiş kitabımın təqdimat mərasimi keçirilməli idi. Təşəbbüs Quba ictimaiyyətindən gəlmiş, kitabın naşiri olan nazirlik və rayon icra hakimiyyəti tərəfindən təsdiqlənmiş, Qubadan olan deputatlar böyük həvəslə bu tədbirə qoşulmuşdular. Lakin son anda məlum olmuşdu ki, kitabın təqdimatının keçirilməsi üçün PA-dan icazə alınmalıdır. İcazəni kimin alacağı sualı ortaya çıxanda bütün bu təşkilatçılar kənara çəkilmiş, heç biri təşəbbüs göstərməyə cürət etməmiş, lakin təqdimat prosesi artıq buraxıldığı üçün mənim özümün məsələyə qarışmağımı xahiş etmişdilər. O zaman Ramiz müəllimin köməkçisinə bir telefon zəngimlə, onun da məsələni razılaşdırıb bir xahiş məktubu yazmağımla “problem” dərhal həll olunmuşdu. İndi deyəcəksiniz ki, məni heyrətləndirən bu “təşəbbüs göstərmək” qorxusu və rayon miqyasında kitab təqdimatına görə PA-dan “icazə almaq” bürokratik sisteminin yaradılmasında Ramiz Mehdiyevin öz rolu var! Qəbul edirəm. Amma məsələ həll olundu axı. Demək ən azı təşəbbüsü göstərmək lazım idi...
İkinci məktub-müraciətimin daha ciddi səbəbi vardı. Tanınmış yazıçının Mirzə Fətəli Axundova həsr edilmiş filmə yazdığı ssenari ilə bağlı kəskin tənqidi fikirlərimi PA rəhbəri və ideoloji məsələlərə nəzarət edən şəxs kimi Ramiz Mehdiyevə ünvanlamışdım. Və bu məktubu ssenari ilə birlikdə olduqca əlverişsiz bir vaxtda, həmin yazıçıya “Heydər Əliyev” ordeni təqdim edilən gün Ramiz müəllimin köməkçisinə vermişdim. Məni bu işdən çəkindirmək istəyən dostlar bu addımımı “sadəlövhlük” adlandırırdılar. Özümün də heç bir nəticə gözləmədiyim, sadəcə daxili rahatlığım üçün yazdığım və ünvanına çatdırdığım bu məktubun üzərində 2 gündən sonra Ramiz Mehdiyevin “Ciddi nəzarətə götürülsün” dərkənarı qoyduğunu bildirməklə bu mövzunu burada bitirmək istəyirəm. Həmin məsələnin həqiqətən nəzarətə götürüldüyü və sonra hansı mərhələlərdən keçdiyi isə ayrıca söhbətdir.
Bir daha xatırladım ki, bütün bunları yazmaqda məqsəd Ramiz müəllimin çoxillik və çox şaxəli fəaliyyətinə hər hansı qiymət vermək deyil, Elmlər Akademiyasının sıravi əməkdaşı, mümkündür ki, az-çox əsərləri ilə tanınan tədqiqatçı-alimin elm və ideologiya sahələrinin “kuratoru” sayılan məsul bir şəxslə konkret ünsiyyət və münasibətini faktlar əsasında göstərməkdir. Ünsiyyətimiz, bilavasitə olmasa da, yalnız bu faktlarla məhdudlaşmırdı. Belə ki, son illər akademik Ramiz Mehdiyevin Azərbaycan tarixi və onun konseptual məsələləri, metodologiyası, Azərbaycanın görkəmli tarixi simaları haqqında yazdığı və elmi ictimaiyyətin geniş müzakirəsinə verdiyi kitablara bir tarixçi kimi münasibət bildirməli olmuşam. Burada “bildirməli” sözünə diqqət yetirənlərin nəzərinə çatdırım ki, həmin kitabların müzakirələri az qala icbari şəkildə bütün nüfuzlu elmi dairələrdə, akademiya institutlarında, ali məktəblərin elmi şuralarında, bir qayda olaraq müəllifin və kitabın tərif edilməsi fonunda aparılırdı. Qaldırılan məsələlər üzrə mütəxəssislər, özünə hörmət edən alimlər bu məclislərdə iştirakdan məhz bu formal tərif fonuna görə qaçırdılar. Çünki sözsüz ki, bir çox müsbət elmi məziyyətləri olan bu kitablarda tənqid edilməli məsələlər də var idi, lakin ümumi “anturaj” hər hansı ciddi-elmi müzakirələrə imkan yaratmır və təşkilatçı - rəhbərlik tərəfindən də təqdir edilmirdi.
Mən çox hörmət etdiyim iki böyük elm və təhsil xadiminin dəvəti ilə belə müzakirələrdə iştirak etmişəm və Ramiz Mehdiyevin Azərbaycan xanlıqları dövrünə aid kitabında qoyulan konseptual məsələlərlə razılaşmadığım məqamların elmi şəkildə çox dəqiq şərhini vermişəm. Həmin müzakirələrdə PA işçiləri, kitabın hazırlanmasında əməyi və adı keçən şəxslər də iştirak edib, yəni söylədiyim fikirlər Ramiz müəllimə çatdırılıb və sonradan özümə də bildirilib ki, çox diqqətlə dinlənilib və hətta “xoşuna gəlib”. Daha iki həmkarım da özlərinə məxsus şəkildə həmin kitablar barədə ciddi tənqidi çıxışlar ediblər. Təbii ki, nə mənə, nə onlara sonradan heç bir təzyiq-filan olmayıb. Belə nümunələr əsasında məndə elə təəssürat yaranıb ki, kitabın müəllifi tənqidə açıqdır, demək elm adamıdır, odur ki, bəzi alim-çıxışçıların sırf “tərifə” yönəlik, yaxud çox “ehtiyatlı” qeydlərinin kökünü onların özündə görürəm, müəllifdə yox.
Nəhayət, sonuncu nümunə. Bu ilin mart ayında akademiyanın Rəyasət Heyətində bir iclasa dəvət edilmişdim. Məlum olmuşdu ki, artıq AMEA prezidenti kimi Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycançılıq Elmi- İdeoloji Mərkəzi yaradılır və mən də bu Mərkəzin tərkibinə daxil edilmişəm. İdeologiya məsələləri ilə məşğul olmadığım halda yəqin ki, sonuncu kitabım – “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlı monoqrafiyamda “Azərbaycançılıq” ideologiyası məsələlərinə toxunduğum üçün bu quruma salındığım təxminim doğru çıxmışdı. Lakin hələ birinci iclas başlamamış bu Mərkəzin məqsəd və vəzifələri haqda üzvlərə paylanan press-relizdə Məhəmməd Əmin Rəsulzadənin adının çəkilmədiyindən bərk narahat oldum. Ramiz müəllimin özünün və iclasdakı bütün digər iştirakçıların, əsasən institut direktorlarının, məruzə və çıxışları da bu narahatlığımı aradan qaldırmadı. İclasın sonuna yaxın Ramiz müəllim mənə söz verdi və yaradılacaq mərkəzin vacibliyini əsaslandırandan sonra mən düz 15 dəqiqə “Azərbaycançılıq” ideologiyasının banisi kimi Rəsulzadənin milli ideya konsepsiyasını maddə-maddə şərh etdim, daha sonra Heydər Əliyevin artıq üçüncü respublikaya başçılıq etdiyi zaman dövrün tələblərinə uyğun olaraq bu ideologiyaya hansı çalarlar gətirdiyini vurğuladım.
Ramiz müəllimin kreslosunu mənim durduğum kürsüyə tərəf yarı çevirərək bütün bu çıxışımı necə diqqətlə, həm də sırf elmi maraqdan doğan ciddiyyətlə dinlədiyi indiyədək gözlərim önündədir. Sonradan “Rəsulzadənin bu ideoloji konsepsiyasının təhlilini sanki ilk dəfə eşidirmiş” kimi heyrətimi yaxın tarixçi həmkarımla bölüşəndə, həmin alim gülərək məni “sadəlövhlükdə” qınadı. Lakin Cümhuriyyət tarixçisi kimi Rəsulzadəyə olan mövqeyimi dəqiq bildikləri halda mənim bu Mərkəzə daxil edilməyim də faktdır axı...
Bütün bunları niyə yazıram? Mən sadəlövh deyiləm. Azərbaycan elmi də daxil olmaqla ölkədəki siyasi-ictimai mühitin və elmi-ideoloji durumun ümumi böhran həddinə çatmasında uzun illər bu sahələri istiqamətləndirmiş bir şəxsin təbii ki, məsuliyyət daşıdığını bilirəm. Amma bu böhrana görə yalnız bir şəxsmi günahkardır? Bütövlükdə cəmiyyət hələ bir yana, akademik dairələrin, elmi ictimaiyyətin heç bir məsuliyyəti yoxdurmu?
Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” - cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı cəmiyyət indiki halına gəlib düşərdimi?
Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə - akademiyaya, ya Milli Məclisə - sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?
Bu gün həmin sistemin, modelin müəllifi kimi təqdim olunan akademik Ramiz Mehdiyevin ətrafında yaranmış bu “kütləvi” qınaq kampaniyası məndə çox acı və miskin təəssürat yaradır. Ən əvvəl bu adamı şəxsən tanıdığım və nə vaxtlarsa onunla birgə işlədiyim üçün. Etiraf edim ki, çox sadə, mədəni, təmkinli, ehtiyatlı bir adamın adının sonralar cəmiyyət tərəfindən “boz kardinal” kimi hallandırılması uzun müddət mənim üçün bir müəmma olub. Amma əgər bir şəxsin belə “dəyişikliyə uğraması” baş veribsə də, bu proses heç vəchlə birtərəfli getməyib və həmin sistemin içində olmaqla onu qəbul edən insanların çevrəsində, onların razılığı və iştirakı ilə baş tutub. Çünki, yuxarıda gətirdiyim faktlar bu adamın həmin yüksək vəzifədə olduğu vaxtlarda belə bütün bu “mətbəxdən” uzaq, sıravi alimlərlə münasibətlərində həmişə adekvat rəftar etdiyini göstərir və onun bir çox alimlərə, onların əsərlərinə, problemlərinə daha ciddi situasiyalarda eyni diqqət nümayiş etdirdiyi məlumdur.
Ramiz Mehdiyevə qarşı bu gün aparılan “qınaq” kampaniyasında qəbuledilməz sayılan daha bir məqam onun haqqında söylənilən “savadsız”, “kitablarını özü yazmayıb” və s. kimi hədyanlarıdır. Ən əvvəl həmin kitabları oxuyun. Bu əsərlərdə Azərbaycan tarixi, fəlsəfəsi, ideologiyası ilə bağlı olduqca ciddi müddəalar, konseptual yanaşmalar var ki, onları qəbul edib-etməmək, razılaşıb-razılaşmamaq olar. Amma onların yuxarıda xatırlanan formal müzakirələrini kənara qoyarıqsa, son illər məhz bu yeni nəzəriyyələr və fərqli yanaşmalar irəli sürülən, ciddi mübahisələr və maraqlı fikirlər doğuran əsərlər həmin mövzularda ən geniş diskussiyalara rəvac verməklə elmi dairələrdə bir canlanma yaradıb və bir sıra yeni müəlliflərin kitablarının yazılmasını şərtləndirib.
Bu kitabların ərsəyə gəlməsində təbii ki, Ramiz Mehdiyevin ətrafındakı köməkçi heyətin müəyyən rolu vardır və bu normaldır. Çünki akademiklər, elmlər doktorları, elmi proyektlərin rəhbərləri və digər bu kimi yüksək səviyyəli alimlərin yanında mütləq bir texniki heyət olmalıdır və elmi müəssisələrdə laborant vəzifəsi də məhz bu məqsədlə yaradılıb. Ehtiyac olanda isə həmin heyətə digər elmi kadrlar da cəlb edilir. Lakin birmənalıdır ki, bu kitablarda əsas fikirlər və son nəticələr onun əsl müəllifinə məxsusdur və məsuliyyəti də həmin müəllif daşıyır.
Məsuliyyət... Bu gün Ramiz müəllimin adı ətrafındakı qalmaqalda bu söz çox işlədilir. Lakin acı və miskin təəssürat doğuran bir məqam da Ramiz Mehdiyevin uzun illər yüksək vəzifədə fəaliyyətinin nəticəsi kimi həqiqətən məsuliyyət daşıdığı məsələlərə görə deyil, hədsiz şişirdilən və artıq komik bir hal alan “toy əhvalatına” görə “hücumlara” məruz qalmasıdır. Və bu zaman ömrünün ahıl çağını yaşayan ağsaqqal insana ən zərif, ən ağrılı bir yerdən, ailəsi, övladı ilə bağlı zərbə vurulur. Bu məqam yaşadığımız Azərbaycan gerçəkliyində artıq bütün dəyərlərin – siyasi, ictimai, mental, etik, mənəvi, əxlaqi – tam iflasa uğradığını göstərir. Başqa söz tapa bilmirəm.
Bütün bu hücumlar qarşısında Ramiz müəllimin özünün atdığı addımlar üzərində dayanmaq və mövzudan uzaqlaşmaq istəmirəm. Çünki bütün bu əhvalatı şəxsən mənim üçün ən acınacaqlı edən əsas səbəb bu qalmaqalın gedişində akademiyanın da adının hallanmasıdır.
“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır.
Belə ki, bu gün elmlə heç bir əlaqəsi olmayan hansısa məmurlar, ştatlı deputatlar, ümumiyyətlə bu müstəvidə tamamilə təsadüfi insanlar, sosial şəbəkələrin bəzi “fəalları” Elmlər Akademiyasının prezidenti ilə bərabər bu elmi strukturun taleyini də “birdəfəlik həll etmək” kimi təkliflər irəli sürür, bu səpgidə müxtəlif şayiələr yayırlar. Bu zaman akademiya sisteminin hazırkı statusda Sovet İttifaqında yaradıldığı və artıq öz keçmiş əhəmiyyətini itirdiyi, digər ölkələrdə Elmlər Akademiyasının ayrı əsaslarda mövcud olduğu, hətta bəzi keçmiş Sovet respublikalarında bu sistemin tamamilə ləğv edildiyi, Azərbaycan Milli Elmlər Akademiyasının öz funksiyasını yerinə yetirmədiyi, əməkdaşların sayının çoxluğu və s. kimi söhbətlər ortaya gətirilir.
Elmlər Akademiyası sistemi məlum statusda həqiqətən fövqəlbəşər və imperiya iddialı bir ölkə olan Sovet İttifaqında yaradılıb. Sonralar SSRİ-nin tərkibindəki respublikalarda da həmin elmi strukturları –yaratmaqla Sovet dövləti özünün həqiqətən böyük və özünə güvənli ölkə olduğunu sübut edib. Çünki yalnız geniş iddialı və zəngin bir ölkə sırf fundamental elmin inkişafına yönəlik Elmlər Akademiyası şəbəkəsi yaradar və uzun illər boyu onu maliyyələşdirər, öz aliminə dolanışıq fikri çəkmədən elmi fəaliyyətlə, bir çox hallarda nəzəri, fundamental elmi-nəzəri məsələlərlə, yəni hər hansı praktiki xeyri olmayan, lakin elmi fikri irəli aparan, yeni elmi açılışlara gətirən problemlərlə məşğul olmaq imkanı verə bilərdi. İctimai elmlər sahəsində çalışan alimlər üçün isə mövcud akademiya sistemi ümumiyyətlə unikal imkanlar açırdı. Belə ki, universitetlər, ali məktəblər sistemində çalışan və ən əvvəl tədris prosesinə cəlb olunan müəllim-alimlərdən fərqli olaraq akademiyada çalışan alimlər yalnız öz tədqiqatları üzərində işləyir, aylarla, günlərlə arxivlərdə, kitabxanalarda çalışır, elmi ezamiyyətlərə, beynəlxalq konfranslara getməkdə daha sərbəst olur, iş yerlərində öz həmkarları ilə geniş elmi diskussiyalar aparır və bunun son nəticəsi olaraq həm də cəmiyyətin azad, müstəqil fikir daşıyıcısı, milli maraqların ifadəçisi kimi aparıcı bir ziyalı qüvvəsinə çevrilirdi.
80-ci illərin sonlarında Dağlıq Qarabağ münaqişəsi ortaya çıxanda ikitərəfli siyasət yürüdən Mərkəz Moskvaya qarşı ilk etirazların, milli şüarların məhz Elmlər Akademiyasının akt zallarında keçirilən iclaslarda, akademiya alimləri tərəfindən səsləndirildiyini yada salın. Az sonra milli-azadlıq hərəkatına çevriləcək siyasi proseslərin önündə də akademiyanın çox saylı əməkdaşları gedirdi. Tezliklə məhz akademiyanın yeni yaranan müstəqil Azərbaycan milli dövlətçiliyi üçün əsl kadrlar ocağı olduğu aydınlaşdı. Akademiyanın əməkdaşı ölkə Prezidenti seçildi, daha iki alim müxtəlif vaxtlarda Azərbaycan Xarici İşlər Naziri oldu. Mənim çalışdığım Şərqşünas İnstitutunun 5 əməkdaşı eyni vaxtda Azərbaycanın müxtəlif ölkələrdə səfirləri işləyirdi. Yeni, müstəqil Azərbaycanın ən müxtəlif idarə sistemlərində işə keçən akademiya əməkdaşlarının böyük bir siyahısını yaratmaq olar.
Əslində Azərbaycan Milli Elmlər Akademiyasının daxili tənəzzülü də əsas etibarilə məhz bu proseslə - yüksək savadlı və ixtisaslı, geniş dünyagörüşlü, siyasi-milli baxımdan səbatlı orta nəsil alim-tədqiqatçıların böyük bir dəstəsinin elm sahəsini tərk edib müxtəlif işlərə, vəzifələrə getməsi ilə başladı. Məhz bu axın, o cümlədən maddi imkanların da məhdudlaşması səbəbindən artıq məcburi axın nəticəsində həmin ağır 90-cı illərdə akademiyada bir çox elmi məktəblərin inkişafı dayandı, elmi nəsillər arasında əlaqə qırıldı.
Lakin bütün siyasi, ictimai, iqtisadi təbəddülatlara baxmayaraq Azərbaycan dövləti özünün bu unikal elm ocağını saxladı! İnanın, Elmlər Akademiyasını ləğv etmiş keçmiş Sovet respublikalarındakı həmkarlarımız bu gün bizə böyük həsədlə baxırlar. Çünki artıq oturuşmuş bir elmi sistemi qorumaqla Azərbaycan rəhbərliyi yeni, müstəqil dövlət quruculuğunda fundamental elmə, onun inkişafına yüksək dəyər verdiyini, Azərbaycan aliminə inandığını nümayiş etdirdi. Akademiya institutlarının da əsl elm fədaisi olan əməkdaşları bütün bu ağır illərdə çox kiçik məvacibə qane olaraq bu ocağa sədaqətini saxladı, qışın soyuğunda isidilməyən otaqlarda, kitabxanalarda, arxivlərdə, laboratoriyalarda öz tədqiqatlarını davam etdirdi, çox vaxt öz imkanları hesabına getdiyi beynəlxalq konfranslarda Azərbaycan elminin nüfuzunu qorudu, kitablar, elmi jurnallar nəşr etdi, xarici həmkarları ilə birgə layihələrdə çalışdı və bütün bu işləri Azərbaycan Milli Elmlər Akademiyası adı ilə gördü.
Təbii ki, ayaqda qalmaq üçün görülən bu işlərlə müasir dünya elminin tələblərinə cavab verən bir elmi struktur yarana bilməzdi. Elmlər Akademiyasında çox ciddi islahatlara ehtiyac var idi və təəssüf ki, bu gün qalmaqda davam edir. Azərbaycan elminin ciddi problemlər yaşamasının səbəbləri də 3-5 adamın idarəçiliyi ilə bağlı olmayıb sistemli xarakter daşıyır və bu, ayrıca bir mövzudur. Lakin bütün bu problemlər ölkədə fundamental elmin uzun onilliklər boyu əldə etdiyi dəyər və nailiyyətlərin üstündən xətt çəkə bilməz. Azərbaycan Milli Elmlər Akademiyası bu dəyərlərin özəl sütunudur. Əsası böyük akademiklər tərəfindən qoyulmuş bu elm ocağının nəsillərdən-nəsillərə ötürülmüş və ötürülməli olan ənənələri var. Son illər Elmlər Akademiyası öz inkişafında yeni bir mərhələyə qədəm qoyur, elmə yeni nəsil gəlir və az qala aradan gedəcək ənənələrin artıq bərpası prosesi gedir.
Burada müstəqillik dövründə Azərbaycan elminin heç bir parlaq uğuru olmadığı, yaxud dünyada qəbul edilmiş böyük alim adı vermədiyi kimi iradları da cavablandırmaq istərdim. Böyük alim xüsusi keyfiyyətləri olan bir şəxsdir. Onun meydana çıxması üçün bir çox şərtlər - məşğul olduğu elm sahəsinin bütün incəliklərinə bələd olması ilə yanaşı, fitri istedad, özünəməxsus elmi təfəkkür tərzi, analitik düşüncə, zəhmətkeşlik və s. kimi amillər, eləcə də onun yetişməsinə güclü təsir qoya biləcək elmi mühitin olması vacibdir. Böyük alim, böyük bəstəkar, ya böyük rəssam kimi yüzlərin, minlərin arasından tək-tək yetişir, özünə və ölkəsinə böyük şöhrət gətirir. Lakin bu heç də həmin yüzlərin, minlərin “lazımsız” olduğunu göstərmir. Belə ki, ölkədə elmi mühiti məhz bu yüzlər, minlər yaradır – elmə hədsiz sevgisi və təmənnasız xidməti ilə, istedadı və zəhməti ilə. Yeni nəsil tədqiqatçıların yetişməsində də məhz bu insanlar böyük rol oynayır. Onların arasında bu gün Elmlər Akademiyasının ən müxtəlif institutlarında çalışan və Azərbaycan elmini xaricdə tanıdan çox sayda adlar var ki, özlərini bəlkə də layiqincə cəmiyyətə təqdim etmirlər. Nüfuz sahibi olan bu alimlər dünyanın bir çox tanınmış elm mərkəzlərinə dəvət alsalar da ölkədən getmirlər. Çünki illərlə işlədikləri doğma institutlarına bağlıdırlar və Elmlər Akademiyasına bir məbəd kimi baxırlar.
80-ci illərin əvvəllərində, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində aspiranturanı bitirib Bakıya qayıdanda, işə düzəlmək üçün bir çox təkliflərim olduğu halda mən israrla məhz Elmlər Akademiyasında işləmək istəyirdim və böyük çətinliklə, tanışlıq-tapşırıq yolu ilə ən kiçik elmi vəzifəyə götürülmüşdüm. Çünki mən də bu binaya bir elm məbədi kimi baxırdım. Onun kabinetlərində, gur elmi həyat qaynayan dəhlizlərində ağsaçlı, üzlərindən nur yağan qocaman alimləri gördükcə, söhbətlərini eşitdikcə onların yanında olmağı, onlarla işləməyi, hər gün bu binanın qapılarından içəri girməyi arzulayırdım. İndi həmin hissləri mən öz aspirantlarıma, doktorantlarıma, gənc həmkarlarıma aşılayıram və bu istəyimdə tək deyiləm. Bu gün Elmlər Akademiyasının minlərlə əməkdaşı, Azərbaycanın ən təmiz, ən pak, ən güclü elmi mühitini yaradan alimlər və tədqiqatçılar nəsli üçün də onlara sevdikləri işlə, elmlə məşğul olmaq və bu yolla ölkəsinə, xalqına xidmət etmək imkanı verən Azərbaycan Milli Elmlər Akademiyası bir məbəddir. Məbədi dağıtmaq olmaz!
Solmaz Rüstəmova-Tohidi, AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.