Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“SEAB-2016. Avrasiyada biomüxtəliflik” mövzusunda Beynəlxalq simpozium keçiriləcək
18.02.2016 12:25
  • A-
  • A
  • A+

“SEAB-2016. Avrasiyada biomüxtəliflik” mövzusunda Beynəlxalq simpozium keçiriləcək

23-27 may 2016-cı il tarixlərdə Türkiyənin Antalya şəhərində “SEAB-2016. Avrasiyada biomüxtəliflik” mövzusunda Beynəlxalq simpozium keçiriləcək. 

Pamukkale Universitetinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə AMEA Dendrologiya İnstitutu, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetindən olan alim və mütəxəssislər iştirak edəcək.

“SEAB-2016. Avrasiyada biomüxtəliflik” Beynəlxalq simpoziumun keçirilməsi təşəbbüsü AMEA Dendrologiya İnstitutu tərəfindən irəli sürülüb və ilk dəfə 1-5 iyun 2015-ci il tarixlərdə Bakıda keçirilərək artıq ənənə halını alıb. Tədbirin növbəti illərdə Belarus Dövlət Universiteti, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi, Rusiya Dövlət Aqrar Universitetində keçirilməsi nəzərdə tutulub.

Əsas məqsəd Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək fikir mübadiləsi, müzakirələr aparmasına şərait yaratmaqdır. Simpozumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olacaq.

Tədbirdə 100-dən artıq alim və mütəxəssis təqdimatlarla çıxış edəcək. Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında “Avrasiyada biomüxtəliflik” simpoziumu adı altında dərc olunacaq. Simpozium çərçivəsində Türkiyənin Antalya şəhərində keçiriləcək “Expo 2016” (muzeylər, bağçalar və botanika bağlarının sərgisi) sərgisində iştirak da nəzərdə tutulur.

“SEAB–2016. Avrasiyada biomüxtəliflik” simpoziumunun həmsədrləri – AMEA-nın müxbir üzvü, prof. Tofiq Məmmədov (AMEA Dendrologiya İnstitutu, Azərbaycan), Ramazan Məmmədov (Pamukkale Universiteti), Boladxan Zayadxan (Al-Farabi Qazaxıstan Milli Universiteti), Yelena Kalaşnikova (Rusiya Dövlət Aqrar Universiteti) və İqor Semakdır (Belerus Dövlət Universiteti). 

Tədbir  haqqında ətraflı məlumat əldə etmək üçün seab2016.com  saytına müraciət etmək olar.

Tezislərin son qəbul tarixi 1 aprel 2016-cı il tarixinədəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: