www.science.az
09.01.2017 15:34

Naxçıvan Bölməsində toplanılan yeni materiallar tədqiqata cəlb olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni materiallar tədqiqata cəlb olunub. Belə ki, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbiçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvanskinin Rusiyanın paj korpusunda təhsili, Palkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəklində nəşr olunan Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmalara cəlb olunan yeni materiallar sırasındadır.

1917-1920-ci illəri əhatə edən arxiv materiallarında saxtakar ermənilərin Naxçıvana qarşı təcavüz siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var. Məlumat üçün qeyd edək ki, əldə olunan sənədlərin 60-a yaxını keçən ilin sonlarında nəşr olunan “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyada işıqlandırılıb.

Yeni materiallar tarix üzrə fəlsəfə doktorları Musa QuliyevEmin Şıxəliyev və elmi işçi Elnur Kəlbizadə tərəfindən Rusiya Dövlət Tarix Arxivi, Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Gürcüstan Milli Arxivi, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanası, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyi, İngiltərənin Milli Arxivləri, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivindən əldə olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.