www.science.az
06.09.2017 14:44

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramovun “Naxçıvan Muxtar Respublikasında xərçəngkimilər faunası” mövzusunda elmi məruzəsi dinlənilib. Qeyd olunub ki, Naxçıvanda Xərçəngkimilər faunası haqqında məlumatlara ilk dəfə keçən əsrin əvvəllərində təsadüf edilib. Bildirilib ki, muxtar respublikanın Xərçəngkimilər faunası 4 sinif, 10 dəstə, 28 fəsilə, 53 cins, 88 növ və yarımnövdən ibarətdir. Diqqətə çatdırılıb ki, aşkar edilənlərdən 2 növ xərçəng quru onurğasız, digərləri isə su həyat tərzi keçirirlər. Alim xərçənglərin Arazboyu düzənlikdən başlamış yüksək dağlıq qurşağınadək bütün sututarların faunasında geniş yayıldığını söyləyib.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında aparılan işlərin son vəziyyəti barədə laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov məlumat verib. Bildirib ki, cari ildə laboratoriya əməkdaşlarının 4 kitabı, 52 elmi əsəri (34-ü xaricdə) çap edilib. Bunlardan da 9 məqalə xaricdə impakfaktorlu jurnallarda nəşr edilib. Həmçinin laboratoriyanın əməkdaşları tərəfindən 3 patent hazırlanıb, 37 məqalə isə çapa göndərilib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.

İclasda akademik İsmayıl Hacıyev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun tarif dərəcələrinin artırılması barədə iştirakçılara məlumat verib.

Gündəliyə çıxarılan digər məsələ İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun tarif cədvəlində dəyişiklik edilməsi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcəsinin artırılması ilə bağlı olub.

İclasda Rəyasət Heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov Musiqi və teatr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov isə institutun elmi katibi vəzifəsinə təyin ediliblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.