Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2024 12:40
  • A-
  • A
  • A+

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi Kürdəmirdə qeyd olunub

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi Kürdəmirdə qeyd olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən Kürdəmir Peşə Liseyində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii yubiley tədbiri keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən baş tutub.

Tədbir görkəmli bəstəkar Cahangir Cahangirovun  bəstələdiyi “Füzuli kantatası”nın sədaları ilə başlayıb.

Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini peşəkarlıqla öz əsərlərində əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, XVI əsr ədəbiyyatının möhtəşəm abidələrini yaradan Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonra çıxış edən Peşə liseyinin direktoru Nurlan Abdullayev dahi şairin yubileyinin liseyin tələbələrinin iştirakı ilə keçirilməsinin gənclərin milli-mənəvi sərvətlərimizə, klassik irsimizə olan marağının artırılması baxımından önəmini qeyd edib.

Tədbirdə yazıçı-publisist Əlisəfa Azayev Məhəmməd Füzulinin aforizmlərindən bəhs edib.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli isə bildirib ki, Məhəmməd Füzuli mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəlib, Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirib və onun irsi dövlət başçısının Sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılacaq.

Sonda Peşə liseyinin tələbələri Füzuli yaradıcılığından nümunələr səsləndiriblər. Tədbirin musiqili qonaqları ustad xanəndə Səfalı Əliyev, tarizan Adil Rəhimovun müşaiyyəti ilə şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: