Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2025 17:32
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ədəbiyyat Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan “İstiqlal tariximizin 20 yanvar səhifəsi” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verib.

Həmin günün xalqımızın tarixində mühüm bir sınaq mərhələsi olduğunu deyən akademik Rafael Hüseynov bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinin şanlı səhifələrindən biri olmaqla, xalqımızın istiqlal mücadiləsi, qəhrəmanlıq mübarizəsi kimi insanların yaddaşında əbədi yaşayacaqdır.

O, ölkəmizin rəsmi təqviminə Ümumxalq Hüzn Günü kimi daxil edilmiş 20 Yanvar gününün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, həm də Azərbaycan xalqının şərəf günü olduğunu vurğulayıb. Qeyd edib ki, bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir etdi.

Daha sonra “Kədər və hünər günü” adlı məruzəsini təqdim edən akademik Rafael Hüseynov vurğulayıb ki, 1990-cı ilin 20 Yanvar hadisələri əslində istiqlalımızın, Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır.

Direktor bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Bu addımı atmaqda məqsəd Azərbaycanın haqq səsinin, Azərbaycan gerçəklərinin dünyaya çatdırılmaması idi: "Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib dönməz xarakter aldı. Sovet rəhbərliyi xalqımızı qorxu ilə susdurmağa çalışsa da, səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insan qoşuldu. Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi".

Akademik Rafael Hüseynov faciəyə ilk siyasi qiymətin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini nəzərə çatdırıb. Bildirib ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev məqsədli şəkildə SSRİ-dəki bütün vəzifələrindən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına rəğmən hadisədən bir gün sonra öz həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, faciənin beynəlxalq hüquqa, humanizm prinsiplərinə zidd, siyasi rəhbərlərin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu açıq şəkildə bəyan edib.

Muzeyin direktoru vurğulayıb ki, artıq 4 ildən artıqdır 20 Yanvar ölkəmizdə bədbin ovqatda qeyd olunmur, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan qurtarılması, Azərbaycanın adının tarixə qalib dövlət kimi yazılmasından sonra bütün şəhidlərimizin ruhları şaddır.

Çıxışının sonunda akademik Rafael Hüseynov Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, xalqımızın faciə şəhidlərinin xatirəsini hər zaman əziz tutduğunu bildirib. Qeyd edib ki, şəhidlərimizin fədakarlığı sayəsində bu gün biz müstəqil və güclü bir dövlətə sahibik. 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet hakimiyyətinə son qoyulmasına və dövlət müstəqilliyinin əldə edilməsinə vəsilə oldu. Nə qədər zaman keçsə də, bu faciə heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaq.

Sonra muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli “20 Yanvar – Moskva xatirələri” adlı məruzə ilə çıxış edib. O, unudulmaz yanvar faciəsi günü Praqada keçiriləcək Beynəlxalq Şərqşünaslıq konfransında iştirak etmək məqsədilə Moskvada olduğunu bildirib. Lakin aldığı qorxunc xəbərlərdən səfərinə davam edə bilmədiyini, Moskvada qaldığını söyləyib. Məruzəçi Moskvada Azərbaycanın daimi nümayəndəliyində Ulu Öndər Heydər Əliyevin çıxışından “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” sözlərini hələ də unutmadığını deyib.

Tədbirdə, həmçinin muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayevanın “20 Yanvar faciəsini yaddaşlarda yaşadan poeziya nümunələri” mövzusunda məruzəsi dinlənilib. Göyərçin Mustafayeva bildirib ki, 20 Yanvar faciəsi təkcə tarixi hadisə deyil, həm də Azərbaycan poeziyasında xüsusi yer tutan vətənpərvərlik mövzularından biridir. Onun sözlərinə görə, əsrin bu faciəsi ədəbiyyatda milli azadlıq və istiqlal uğrunda mübarizə mövzularını daha da gücləndirərək poeziyada xalqın ağrısını, üsyanını və şəhidlərin qəhrəmanlığını ifadə edən bir çox əsərlərin yaranmasına səbəb olub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub və bir çox şairlərin bu mövzudakı əsərlərində yalnız keçmişin ağrısı ifadə edilmir, həm də gələcək nəsillərə azadlıq sevgisi ötürülür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: