Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2024-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov, eləcə də Səhiyyə, Kənd təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
İclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, həmçinin ali təhsil və tibb müəssisələrində 2024-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.
Əvvəlcə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda çıxış edən akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolunda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilmədiklərini söyləyib. Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızları ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini deyən akademik İsa Həbibbəyli Ümumilli Liderin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı 20 Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verərək xalqımızın haqq səsini dünyaya çatdırdığını, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirdiyini söyləyib.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.
Qeyd edib ki, ötən 35 il ərzində 20 Yanvar faciəsinin qurbanları daim xalqımız tərəfindən əziz tutulub, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini, sərgilərin təşkil olunduğunu, bu tədbirlər vasitəsilə şəhidlərimizin göstərdiyi qəhrəmanlıqların gənc nəsillərə çatdırıldığını bildirib.
Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsinə aparan yol, xalqımızın qəhrəman oğul və qızlarının şücaəti, Ulu Öndər Heydər Əliyevin hadisəyə verdiyi hüquqi-siyasi qiymət, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının qarşısına əliyalın çıxaraq əsl fədailik göstərmiş və xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazmışlar.
Daha sonra iclasda AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, eləcə də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, eyni zamanda AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqlar çərçivəsində tədqiqatlar aparılıb, mühüm işlər həyata keçirilib.
Həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Elm və Təhsil Nazirliyinin, AR Səhiyyə Nazirliyinin, AR Kənd Təsərrüfatı Nazirliyinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən elm müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.
Akademik İradə Hüseynova qeyd edib ki, respublikanın müvafiq elm və təhsil müəssisələrində tədqiqatlar BTEB tərəfindən müəyyən edilmiş dörd - biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində çoxsaylı iclasların, konfransların, sərgi və seminarların təşkil olunduğunu deyən akademik İradə Hüseynova BTEB-in təşkilatçılığı və iştirakı ilə “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri”, “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın problemləri və müasir yanaşmalarla quraqlığa davamlılıq və məhsuldarlığın artırılması”, “Qlobal iqlim dəyişiklikləri, fotosintez və dayanıqlı həyat”, “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri”, “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri”, “COP29-da Heydər Əliyev imzası və gender dividendləri” və s. mövzularda konfrans və seminarların keçirildiyini, çoxsaylı sanballı kitab, monoqrafiya və məqalələrin ərsəyə gətirildiyini diqqətə çatdırıb.
Məruzəçi vurğulayıb ki, hesabat dövründə bölmənin və onun əhatə etdiyi tədqiqat müəssisələrinin elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub. Bölmə və onun üzvləri İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər müvafiq işçi qruplarının işində, fəaliyyət proqramlarının icrasında, region üzrə monitorinqlərin aparılmasında fəal şəkildə iştirak ediblər. Belə ki, işğaldan azad edilmiş ərazilərdə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb.
Akademik İradə Hüseynova bildirib ki, bölmənin əhatə etdiyi institutlarda hesabat ilində 20 problem, 76 mövzu, 218 iş, 480 mərhələ üzrə tədqiqatlar aparılıb, 16 mövzu, 77 iş və 447 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 145 mövzu (20-si tamamlanıb) və 118 işi (57-si tamamlanıb) əhatə edən 211 (92-si tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib.
Bundan əlavə, hesabat dövründə BTEB-in əhatə etdiyi institutlar tərəfindən 1201 elmi əsər, o cümlədən 9 kitab, 16 monoqrafiya, 482 məqalə (291-i xaricdə, onlardan 254-ü indeksləşən bazalara, 106-sı Web of Science və Scopus bazalarında), 658 tezis (258-i xaricdə) nəşr olunub, əməkdaşların əsərlərinə 4097 istinad edilib.
Tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən isə 3660 elmi əsər, o cümlədən 81 kitab (5-i xaricdə), 20 monoqrafiya (1-i xaricdə), 1631 məqalə (703-ü xaricdə, onlardan 317-si Web of Science və Scopus bazalarından olan jurnallarda), 1928 tezis (675-i xaricdə) nəşr olunub, elmi əsərlərə 667 istinad qeydə alınıb.
Hesabat ilində AR Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 1242 elmi əsər, o cümlədən 17 kitab (3-ü xaricdə), 4 monoqrafiya, 697 məqalə (182-si xaricdə, onlardan 117-si Web of Science və Scopus bazalarında), 524 tezis (212-i xaricdə) nəşr olunub, əməkdaşların əsərlərinə 513 istinad edilib.
Məruzədə, o cümlədən elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər, patentlər, qrantlar və s. barədə məlumat verilib.
Akademik İradə Hüseynova 2024-cü il Fiziologiya və Tibb üzrə və Kimya üzrə Nobel Mükafatı laureatlarının apardıqları tədqiqat istiqamətlərinin biologiya və tibb elmləri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Vaqif Novruzov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri Fuad Novruzov və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
İclasda, həmçinin Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Mərkəzin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabatı təqdim edib. O, 2024-cü ildə Mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin Azərbaycanın cənub-şərq regionunda folklorun, yazılı ədəbiyyat nümunələrinin öyrənilməsinə, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanmasına, onların xəritələrinin tərtibinə, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsinə, kataloqlaşdırılmasına həsr edildiyini bildirib. Eyni zamanda Lənkəran - Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanmasına, morfoloji, bioloji təsərrüfat xüsusiyyətlərinə, onların məhv olmaq təhlükəsindən qorunmasına, bərpa edilməsinə, müasir seleksiya baxımından qiymətləndirilməsinə, yeni sortların seçilməsi və yaradılmasına, Cənub regionunda uzunömürlülüyün populyativ, sosial-bioloji xüsusiyyətləri, ekoloji və genetik faktorların, yaşla bağlı patoloji dəyişikliklərin intensivliyinin öyrənilməsinə həsr olunduğunu söyləyib.
Qeyd edilən istiqamətlər üzrə elmi tədqiqatların 3 problem, 9 mövzu, 10 iş və 10 mərhələ əsasında aparıldığını deyən M.Əliyev dövlət başçısının “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Mərkəzdə baş tutmuş tədbirlərə dair məlumat verib.
Mərkəz əməkdaşlarının nəşr fəaliyyətinə toxunan alim hesabat ilində 59 məqalə və tezisin (31 tezis, 28 məqalə) çap olunduğunu, onlardan 14 məqalə və 7 tezisin xaricdə işıq üzü gördüyünü söyləyib. Mərkəz əməkdaşlarının “Kamal Abdulla: yaradıcılıq stixiyası” monoqrafiyası və “Numizmatika” adlı dərs vəsaitlərinin çapdan çıxdığını vurğulayıb.
Eyni zamanda limon bitkisinin 2, naringi bitkisinin 4, qreypfrutun 2, laym bitkisinin 1 yeni sortunun introduksiya olunması üçün Genofond Kolleksiya bağına əlavə edildiyini, o cümlədən yapon yeni çay sortunun da təcrübə bazasına daxil olunduğunu diqqətə çatdırıb.
Bundan başqa, hesabatda elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltiflər və s. barədə məlumatları da təqdim edib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2024-cü il üzrə illik hesabatı qənaətbəxş qiymətləndirilib və müvafiq qərar qəbul olunub, bir sıra tapşırıqlar verilib.
Hesabatları yüksək qiymətləndirən akademik İsa Həbibbəyli qeyd edib ki, Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində aktiv fəaliyyət göstərib, çoxsaylı konfranslar keçirilib, nəşrlər ərsəyə gətirilib. Akademik İsa Həbibbəyli, həmçinin bölmənin əməkdaşlarının Qarabağda apardıqları tədqiqatların təqdirəlayiq olduğunu söyləyib.
Lənkəran Regional Elmi Mərkəzinin də hesabatına toxunan AMEA rəhbəri Mərkəzdə aparılan islahatların qurumun fəaliyyətinə müsbət təsir etdiyini, nəticədə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarının cari ildə də səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edərək iclasa yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.