Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2025 16:59
  • A-
  • A
  • A+

“20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib

“20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib

AMEA-nın Tarix və Etnologiya İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev çıxış edərək 20 Yanvar hadisələrinin baş verməsindən 35 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Hər bir millətin taleyində müstəsna rol oynayan xüsusi tarixi günlər var ki, həmin gün xalqın qan yaddaşına əbədi yazılır.

Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Daha sonra Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasiyev “20 Yanvar – Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi”, Azərbaycanın Sovet dövrü tarixi şöbəsi, aparıcı elmi işçisi hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev “20 Yanvar qətliatına hüquqi prizmadan baxış”, tarix üzrə fəlsəfə doktoru, dosentlər Əzizə Nəzərli “28 aprel 1920 – 20 yanvar 1990: tarixi  paralellər”, Aypara Rüstəmova “20 Yanvar faciəsi haqqında nəşrlər”, İlham Həsənov “20 Yanvar qətliamına verilən siyasi qiymət haqqında”, Azərbaycanın Sovet dövrü tarixi şöbəsi, aparıcı elmi işçi Aybəniz Osmanova  “20 Yanvar qətliamı insanlığa qarşı cinayət kimi” adlı məruzə ilə çıxış edərək qeyd ediblər ki, gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır.

Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: