Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2025 17:05
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “20 Yanvar – Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda  “20 Yanvar – Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş “20 Yanvar – Müstəqilliyə aparan yol” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq çıxışında keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsini və ölkədə baş verən proseslərə, xəyanətkarlığa etiraz edən xalqımıza qarşı misli görünməmiş amansızlıq və qəddarlıq nümayiş etdirildiyini söyləyib. O, 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edən alim 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib. Tədbir çıxışların dinlənilməsilə davam edib.

İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d., professor Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə və Əlyazmaların elektron resurslar şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyev çıxışlarında qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu qeyd edib, gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan, postmüharibə dövründə onların üzərinə düşən vəzifələrdən söz açıblar.

Sonda tədbir iştirakçıları institut kitabxanasının hazırladığı 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: