Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.05.2024 21:22
  • A-
  • A
  • A+

MEK Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr edilmiş konfransda geniş kitab sərgisi təşkil edib

MEK Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr edilmiş konfransda geniş kitab sərgisi təşkil edib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda IX elmi-texniki konfrans keçirilib.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, kitabxananın Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və kitabxananın əməkdaşları ilə yanaşı, FHN Akademiyasının professor-müəllim heyəti, kursantları, ölkədə fəaliyyət göstərən elmi müəssisələrin və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev konfrans iştirakçıları ilə yanaşı, MEK rəhbərliyini öncə FHN Akademiyasının Heydər Əliyev Mərkəzi, kitabxanası və oxu zalları, ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini özündə əks etdirən Muzeylə tanış edib. MEK-in direktoru ilə səmimi görüş əsnasında FHN Akademiyasının rəisi elm və təhsil məsələləri mövzusunda qarşılıqlı fikir mübadiləsi aparıblar.

Konfransdan əvvəl Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, FHN-in Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş kitab sərgisinə baxış keçirilib. Akademiyada təşkil edilmiş “Heydər Əliyev irsinin tədqiqi və təbliği” adlı sərgidə Ulu Öndərin azərbaycançılıq məfkurəsinin və zəngin dövlətçilik irsinin təbliğinə dair 200-dən artıq kitab nümayiş olunub.

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova görkəmli dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti, respublikamızın inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasəti özündə əks etdirən nəşrlər barədə iştirakçılara ətraflı məlumat verib.

Həmçinin MEK rəhbərliyinin də iştirak etdiyi konfransın plenar iclasında Günel Bağırova-Hüseynovanın “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində kitabxanaların rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Ulu Öndərin hakimiyyəti dövründə elmə, təhsilə, kitabxanalara olan diqqət və qayğıdan danışıb, bu sahələrdə görülmüş işlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda fərqlənən konfrans iştirakçıları ilə yanaşı, MEK əməkdaşı FHN Akademiyasının Fəxri fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: