Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.
Budəfəki proqram şərqin və müsəlman dünyasının ilk operası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"un ilk premyerasının 117 illiyinə həsr olunub.
Akademik Rafael Hüseynov bildirib ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Dahi Üzeyir Hacıbəylinin ölməz operası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bəstəkarın bu əsəri 117 ildir ki, teatr səhnəsində nümayiş olunur.
Diqqətə çatdırılıb ki, neçə-neçə Leylilərin, Məcnunların yetişməsində, Azərbaycan ifaçılıq sənətinin inkişafinda böyük rol oynayan tamaşa Şərqin iki böyük dahisinin xalqımıza əvəzsiz töhfəsidir. Tamaşanın hər qoyuluşunda bir canlanma, bir təlatüm, bir həyəcan yaşanır.
"Leyli və Məcnun" tamaşasının opera rejissorları, dirijorları, səhnə tərtibatçıları, opera aktyorları yetişdirən sənət meydanı olduğunu söyləyən akademik Rafael Hüseynov Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin bu tamaşanın quruluşçu rejissoru kimi fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini "rejissorluq" ixtisası üzrə bitirərək təyinatla Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərilən Hafiz Quliyev artıq 29 ildir qurumun baş rejissorudur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.