AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan incəsənəti” adlı dəyirmi masa keçirilib.
Toplantını giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, ötən il “Heydər Əliyev İli” ilə bağlı həm ölkəmizdə, həm də xarici ölkələrdə Azərbaycanı təmsil edən səfirliklər və mədəniyyət mərkəzləri tərəfindən təşkil edilən silsilə tədbirlər keçirilib. Ə.Salamzadə böyük siyasətçi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin zəngin irsinin alimlər tərəfindən hərtərəfli araşdırıldığını diqqətə çatdırıb. Keçən hesabat ilində Memarlıq və İncəsənət İnstitutu tərəfindən nəşr olunan üç əsərin Ulu Öndər Heydər Əliyevə həsr olunduğunu xatırladıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman elmə, incəsənətə, yaradıcı insanlara, o cümlədən rəssamlara diqqət göstərib. Mədəniyyətimizin hər bir sahəsi, musiqimiz, teatr, kino və xalça sənətimiz, heykəltaraşlıq və rəssamlığımız Heydər Əliyevin qayğısından, onun dəyərli ideyalarından bəhrələnib.
Sonra Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin baş elmi işçisi sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Heydər Əliyev və Azərbaycan musiqisi” adlı məruzəsini təqdim edib.
N.Rəhimbəyli Azərbaycan musiqi mədəniyyətinin tərəqqisi və musiqi sənətimizin inkişafı üçün həyata keçirilən tədbirlərin məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutduğunu bildirib. Qeyd edib ki, güclü siyasətçi və dövlət xadimi Heydər Əliyev elm, təhsil və digər sahələrlə yanaşı mədəniyyətə, incəsənətə və eləcə də musiqiyə qayğı və diqqətini əsirgəməyib. Alim görkəmli şəxsiyyətlərin və musiqiçilərin ev muzeylərinin açılmasının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulayıb.
Hər zaman musiqi sənətinə xüsusi qayğı göstərən Ümummilli Liderin çıxışlarında dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında fikirlərindən, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev və daha bir neçə görkəmli musiqi xadimləri ilə söhbətlərindən bəhs edən video çarx nümayiş etdirilib.
Tədbirdə institutun Təhsil şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyeva “Füzuli irsinin qorunmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan klassik bədii ədəbiyyatına önəm verən Ulu Öndərin Füzuli yaradıcılığına ümumtürk kontekstdə yanaşdığını söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.