www.science.az
15.11.2017 08:55

Azərbaycanlı alimlər Hindistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Hindistanın Heydərabad şəhərində “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda VIII beynəlxalq konfrans keçirilib.

Tədbirin Azərbaycan tərəfdən koordinatoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyevdir. İnstitutun direktoru, akademik İradə Hüseynova isə beynəlxalq təşkilat komitəsinin tərkibinə daxil edilib.

Dünyanın 25 ölkəsindən 300-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi institutun Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, b.ü.e.d., prof. Səftər Süleymanov, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.ü.f.d Şahniyar Bayramov, “Biotexnologiya” istisası üzrə doktorant Səmayə Ataşova  və II kurs magistr Elşən Musazadə  təmsil edib.

Konfransda gənc tədqiqatçı Elşən Musazadənin təqdim etdiyi poster sertifikata və pul mükafatına layiq görülüb. Bütün bunlar göstərir ki, böyük alim, akademik Cəlal Əliyevin yaratdığı Fotosintez məktəbi yaşayır və inkişaf edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.