Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.06.2018 09:23
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb

AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görülüb

Bakıda keçirilən Azərbaycan Uroloq və Androloqlarının XII konqresində dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak ediblər. Tədbirdə urologiya və andrologiya sahəsində son elmi nailiyyətlər, tibbi araşdırmalar təqdim olunub. Konqres tanınmış uroloq, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyevin 80 illik yubileyinə həsr olunub.

Konqresi giriş sözü ilə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli açaraq Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan fitri istedada malik cərrah-həkimin nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində, andrologiya sahəsində yeni əməliyyatların tətbiqində qazandığı uğurlardan, görkəmli uroloqun keçdiyi həyat yolundan, tibbin bu sahəsində tətbiq etdiyi yeniliklərdən danışıb. Bildirib ki, professor Sudeyif İmamverdiyev 2011-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının fəxri sədri, Uroloqlar Assosiasiyasının rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədr müavinidir.

G.Gəraybəyli qeyd edib ki, 56 ildir ki, uroloq–cərrah kimi xalqımızın sağlamlığı keşiyində dayanan S.İmamverdiyev yarım əsrdən artıqdır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Alimin rəhbərliyi ilə indiyədək 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə edilib. Görkəmli uroloq 13 ixtira və səmərələşdirici təklifin, o cümlədən 4 dərslik, 10 monoqrafiya, 5 metodik və 6 dərs vəsaitinin müəllifidir.

Bildirilib ki, ölkəmizdə uro-onkologiyada yeni istiqamət olan limfoqrafiya müayinəsinin ilk dəfə aparılması S.İmamverdiyevin adı ilə bağlıdır. Alim ötən əsrin 70-ci illərindən başlayaraq böyrəklərin mərcanvarı və çoxlu daşları olan xəstəliklərinin müalicəsində, habelə uro-ginekologiya sahəsində tətbiq olunan bir sıra təklif və yeni müalicə metodlarının müəllifi kimi də tanınır.

Tədbirdə Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, Türk Uroloji Dərnəyinin sədri, professor Alteş Kadıoğlu, 1 nömrəli Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və başqaları çıxış edərək həkim-cərrahı təbrik ediblər.

Tanınmış cərrah-uroloq S.İmamverdiyev Türk Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub.

Daha sonra çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli yubilyarı təbrik edib, jurnalın Redaksiya Şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, səhiyyə sahələrinin inkişafına verdiyi mühüm töhfələrə, fundamental və tətbiqi elmi araşdırmalara və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə S.İmamverdiyevə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” qızıl ordenini təqdim edib.

Professor Sudeyif İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək dəyərləndirən həmkarlarına, “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə və konqres iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən “İnsanlığın sağlamlığında duran ömür" filmi nümayiş olunub.

Konqresdə iştirak edən elm adamları, xarici ölkələri təmsil edən ziyalılar və başqaları ayrı-ayrı uroloji problemlər, onların sağaldılması yolları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: