AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakən şəhərində Elm Gününə həsr olunan “Elmsiz, ey dünya, nədir dəyərin?” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova açaraq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, son illər əldə edilən elmi nailiyyətləri barədə məlumat verib. Elmin inkişafının ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlı olduğunu vurğulayan Y.Şükürlü bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elmi-praktiki konfransın plenar iclasında pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun “Elm və onun inkişaf tendensiyası”, ŞREM-in şöbə müdiri Rahim Həsənovun “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti”, mərkəzin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun “Balakən-Şəki ədəbi əlaqələri (Surağat Qurbaninin yaradıcılığı əsasında)”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi Vaqif Aslanın “Azərbaycan ədəbiyyatında sufi triadası (Əhməd Yasəvi, Yunus Əmrə, Nəsimi)” və digər mövzularda məruzələr dinlənilib.
Konfransın işində fəal iştirak etdiklərinə görə rayonun bir qrup elm adamına Şəki Regional Elmi Mərkəzinin Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunub.
Sonda ŞREM-in nəşrləri Balakən Rayon İcra Hakimiyyətinə hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.