Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2019 12:30
  • A-
  • A
  • A+

Nüvə fizikası ilə bağlı beynəlxalq seminara yekun vurulub

Nüvə fizikası ilə bağlı beynəlxalq seminara yekun vurulub

AMEA-nın Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminarın bağlanış mərasimi keçirilib.

Seminarın sonuncu günü Fizika İnstitutunun yüksək enerjilər fizikası laboratoriyasının sabiq rəhbəri, AMEA-nın müxbir üzvü Övsət Abdinovun xatirəsinə həsr olunub.

Tədbiri müəssisənin direktoru, akademik Nazim Məmmədov açaraq Ö.Abdinovun əsas elmi fəaliyyətinin yüksək enerjilər fizikası, həmçinin BNTİ tərəfindən 2013-cü ildə təməli qoyulan və 2020-ci ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan NİCA (Nuclotron - based ion collider facility) layihəsi ilə bağlı olduğunu vurğulayıb.

N.Məmmədov çıxışında Nobel mükafatına layiq görülmüş “Hiqqs bosonu”nun kəşfində azərbaycanlı alimlərin xidmətlərindən də danışıb.

Sonra çıxış edən institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Ö.Abdinovun yetirmələrinin təkcə MDB məkanında deyil, dünyanın müxtəlif ölkələrində elmlə məşğul olduqlarını vurğulayıb.

Tədbirdə BNTİ-nin nüvə problemləri laboratoriyasının böyük elmi işçisi Nazim Hüseynovun “Yüksək enerjilər fizikası sahəsində Fizika İnstitutu ilə BNTİ arasında əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

Bağlanış mərasimində, həmçinin BNTİ-nin direktor müavini Mixail İtkis, bu qurumun nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviç, informasiya texnologiyaları laboratoriyasının rəhbəri Vladimir Korenkov Ö.Abdinovun tədqiqatlarının əhəmiyyətindən danışıblar.

Tədbirdə alimin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Sonra qonaqlar Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan müasir tədqiqat qurğuları və maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: