Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.04.2019 17:24
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

Aprelin 22-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, BTEB üzrə AMEA-nın professorları və aidiyyəti məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

İclası akademik Əhliman Əmiraslanov açaraq gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib.

Sonra AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun “İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda elmi məruzəsi dinlənilib. Alim məruzəsində furin enziminin geniş subtrat spesifikliyi ilə fərqləndiyini, müxtəlif zülalların aktivləşməsində iştirak etdiyini, qan laxtalanmasının, hüceyrənin səth reseptorlarının, hormonların və antraks toksininin tənzimlənməsində böyük rol oynadığını söyləyib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, məruzənin AMEA Rəyasət Heyətinin növbəti iclasına tövsiyə olunmasına qərar verilib.

Tədbirdə bölmənin elmi müəssisələrinin 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər səsləndirilib, yerlərin sayının artırılması barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərarlaşdırılıb.

Bundan əlavə, Rəyasət Heyətinin “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli, həmçinin “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” 25 yanvar 2019-cu il tarixli qərarlarının aidiyyəti bəndlərinin icrası barədə müzakirələr aparılıb. İclasda “AMEA-nın professoru” müsabiqəsinə namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq komissiya yaradılıb.

Yığıncaqda Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyevə 80 illik və Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Dilşad Bayramova 70 illik yubileyi ilə əlaqədar bölmənin Fəxri fərmanının verilməsi qərara alınıb.

Eyni zamanda Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyevə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq muzeyinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rəna Mirzəzadəyə yubileyləri ilə bağlı, eləcə də BTEB-in elmi müəssisə və təşkilatlarının bəzi əməkdaşlarına Elm günü ilə əlaqədar bölmənin Fəxri fərmanları təqdim edilib.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayevanın Cənubi Koreyaya, şöbə müdiri Samirə Rüstəmovanın isə Almaniyaya ezam edilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: