Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2019 17:30
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü qeyd olundu

İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü qeyd olundu

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş elmi seminar keçirildi.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbir iştirakçılarını 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təbrik etdi. 2006-cı ildən etibarən hər il qeyd olunan bu beynəlxalq günün əsas məqsədinin internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərmək olduğunu bildirdi: “1865-ci ilin may ayının 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulmuş və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılmışdır. 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmişdir. BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etmişdir”.

Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlərin təşkil olunduğunu diqqətə çatdıran akademik cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün “Standartlaşdırmada boşluqların aradan qaldırılması” mövzusuna həsr olunduğunu vurğuladı. Bildirdi ki, 2006-cı ildən etibarən hər il 17 may AMEA İnformasiya Texnologiyaları İnstitutunda BTİ-nin çağırışlarına müvafiq olaraq Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yüksək səviyyədə qeyd olunur.

Müasir dövrdə İKT-nin hər bir dövlətin ümumi inkişaf səviyyəsi və intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrildiyini qeyd edən R.Əliquliyev hazırda ölkəmizdə informasiya və biliklər iqtisadiyyatının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi.

R.Əliquliyev qeyd etdi ki, informasiya təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biri kimi sosial media vasitələrinin standartlara uyğun hazırlanması və istifadəyə verilməsi cəmiyyətdə informasiya azadlığının inkişafına dəstək verərək insan hüquqlarının qorunmasında xüsusi əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, kibercinayətkarlıqla mübarizə standartlarının mövcud olmaması Azərbaycanda milli İKT məhsullarının dünya bazarına çıxarılmasının qarşısını alan əsas problemlərdən biridir. Akademik ölkədə hüquqi dövlətin əsas dayaqlarından biri kimi standartlaşdırma mədəniyyətinin formalaşması və inkişaf etdirilməsi, ona xüsusi diqqətin artırılması, beynəlxalq standartların işlək prosesə çevrilməsinin xüsusi rola malik olduğunu qeyd edərək elmi seminarın məhz bu problemlərin müzakirəsinə yönəldiyini diqqətə çatdırdı. R.Əliquliyev həmçinin, standartlaşdırmada boşluqların aradan qaldırılması üçün konfransın keçirilməsinin zəruriliyini vurğuladı.

Sonra “ISO/IEC-27001 standartı və informasiya təhlükəsizliyini idarəetmə sistemi” adlı məruzəni təqdim edən institutun böyük elmi işçisi Elçin Əliyev informasiya təhlükəsizliyi üzrə ilkin anlayışlar, ISO/IEC-27001 standartının və informasiya təhlükəsizliyini idarəetmə sisteminin (İTİS) əsas təyinatı, İTİS üçün “PDCA” modeli, tətbiq olunan əlaqəli standartlar, eləcə də İTİS-də iştirak edən fəaliyyət sahələri, onlar arasında asılılıq əlaqələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, İTİS informasiya mühafizəsinin hədəfi olan obyektlərdə informasiya mühafizəsinin məqsədlərini və gözləntilərini müvafiq tələblərə və prinsiplərə uyğun həyata keçirmək üçün bu obyektlərdə informasiyanın mühafizəsi proses, subyekt və alətlərindən ibarət olan, onlar arasında qarşılıqlı əlaqəni və funksionallığı təmin edən xüsusi nizamlı birləşmədir.

Onun sözlərinə görə, ISO/IEC-27000* standartlar ailəsi informasiya təhlükəsizlyinin idarəetmə sistemini müəyyən edir, ISO/IEC-27001 standartı isə ISO/IEC-27000* standartlar ailəsinin əsasını təşkil edir.

Məruzəçi İTİS üçün əsas məqsədlər, prinsiplər, tələblər və İTİS-in strukturu haqqında danışaraq informasiya mühafizəsi üzrə təşkilati alətlərin növləri, ISO/IEC-27001 standartının populyar A-əlavəsi barədə məlumat verdi. Qeyd etdi ki, “Annex A” informasiya təhlükəsizliyinin menecment elementi olan məqsədləri və təhlükəsizlik alətlərini müəyyən edir və onları bir neçə bölmə üzrə qruplaşdırır. “İnformasiya təhlükəsizliyinin təmin olunmasına aid səlahiyyətlər isə milli, korporativ və texniki səviyyədə bölünür”.

Fəaliyyət proseslərində maraqlı tərəflərin səlahiyyətlərinin rollar üzrə bölgüsünün “RASCI”, mühafizə obyektlərinə səlahiyyət bölgüsünün “RWX” modellərindən danışan məruzəçi riskləri, sənədli informasiya dövriyyəsini, insan resurslarını, fiziki mühafizəni, İKT-məhsulun həyat tsiklini, İKT-xidmətləri, maddi-texniki təchizatı idarəetmə üzrə proseslər, anlayışlar haqqında məlumatları diqqətə çatdırdı.

İnstitutun 9 saylı şöbəsinin baş mütəxəssisi Tamilla Bayramova “Proqram mühəndisliyi standartları” adlı məruzəni təqdim etdi. Bildirdi ki, proqram təminatının (PT) işlənilməsi üçün onun həyat dövrü proseslərini dəstəkləyən və tənzimləyən bir çox beynəlxalq standartlar yaradılıb və onlar PT-nin istehsalına çəkilən xərclərin azaldılması, proqram məhsullarının keyfiyyətinə nəzarət və onlarla əlaqəli olan xidmətlərin keyfiyyətinin artırılması üçün tətbiq edilirək PT-nin keyfiyyətinin idarə edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, ən yaxşı təcrübəni inkapsulyasiya etmək, keçmiş səhvlərin təkrarlanmasının qarşısını almaq, təşkilatın keyfiyyəti anlayışını müəyyən etmək standartların tətbiqinin əsas üstünlükləridir.

Məruzəçi qeyd etdi ki, biznes, sənaye, hərbi, dövlət sektorları və istifadəçi bazarı üçün proqram sistemlərini işləyən böyük şirkətlər, korporativ informasiya sistemlərinin sahibləri və istifadəçiləri, proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyənlər, eləcə də təhsil müəssisələri kimi sahələrdə proqram mühəndisliyi standartları tətbiq olunur.

T.Bayramova standartları işləyən beynəlxalq təşkilatlar haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, PM-in standartları müxtəlif şəkildə klassifikasiya edilir və bu standartların əksəriyyəti Amerika Milli Standartlar İnstitutu (American National Standards Institute - ANSI) tərəfindən qəbul edilir.

Məruzəçi sonda Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlərdən bəhs etdi. Bildirdi ki, sözügedən məsələlər ilə bağlı işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə əmri ilə yaradılan, 2008-ci ilin avqustundan fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən həyata keçirilir.

“Veb-saytlar üzrə standartlar” mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri Gülnarə Nəbibəyova Beynəlxalq Standartlaşma Təşkilatı tərəfindən (ISO/IEC) informasiya texnologiyaları sahəsində qəbul olunmuş, nəşr olunan və təkmilləşdirilmə mərhələsində olan standartlar haqqında məlumat verdi.

Məruzəçi ISO ilə əməkdaşlıq edən təşkilatlardan bəhs etdi, “World Wide Web” Konsorsiumunun veb-xidmətlər üzrə standartı və veb-kontentin əlçatanlığına dair tövsiyələrini təqdim etdi.

O, BMT-nin İqtisadi və Sosial Şurasında akkreditə olunmuş qeyri-hökumət təşkilatı olan “Health On the Net Foundation” (HON) təşkilatından söz açaraq bildirdi ki, qurumun əsas vəzifəsi istifadəçilərə etibarlı tibbi məlumatların təmin edilməsində və İnternetdə mövcud olan böyük həcmli tibbi məlumatların tətbiq edilməsində kömək etməkdən ibarətdir.

G.Nəbibəyova, həmçinin HON kodeksinin müəlliflik, konfedensiallıq, iddiaların əsaslandırılması kimi əsas prinsiplərini də diqqətə çatdırdı.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “İKT təhsili üzrə standartlar” mövzusunda məruzə ilə çıxış edərək çoxsaylı beynəlxalq standartlaşdırma təşkilatları və İEEE-nin Kompüter Cəmiyyəti tərəfindən universitetlərə İKT üzrə tədrisin istiqamətləri və həmin istiqamətlər üzrə tədris planı-kurrikulumunun hazırlandığını bildirdi.

Məruzəçi İKT ixtisasları üzrə kadrların hazırlanmasında “Computing Curricula 2013”, “Software Engineering 2014” (SE2014), “Graduate Software Engineering 2009” (GSwE2009), eləcə də “Software Engineering Body of Knowledge” (SWEEBOK) kimi beynəlxalq standartlardan istifadə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu stantdartların tətbiqi ilə informatika və proqram mühəndisliyi üzrə tədris standartının son versiyası, bakalavrlar üçün proqram mühəndisliyi sahəsi üzrə tədris proqramı, proqram mühəndisliyi üzrə magistr hazırlığı üçün kurrikulum və biliklər toplusu işlənilib.

F.Ağayev ABŞ-ın aparıcı universitetlərində kompüter elmləri istiqamətinin tədris planlarının strukturunu müqayisə etdi, müxtəlif ölkələrin universitetlərində tətbiq olunan müasir tədris modelini təqdim etdi, mühəndis ixtisasları üzrə təhsil proqramlarının akreditasiyası, eləcə də İKT ixtisasları üzrə ABŞ, Kanada və Avropa universitetlərinin tədris proqramlarının məzmunu barədə danışdı. O, dünyanın aparıcı universitetlərində proqram mühəndisliyi istiqaməti üzrə təhsilin proqram mühəndisliyi metodları və alətləri, proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə aparıldığını vurğuladı.

Məruzəçi aparıcı universitetlərdə informasiya sistemləri və kompüter mühəndisliyi istiqaməti üzrə bakalavriat və magistratura pillələri üzrə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verdi.

“Fərdi məlumatların qorunması sahəsində standartlar” mövzusuna həsr olunmuş məruzə ilə çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev ölkəmizdə fərdi məlumatlar sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə görülən işlər barədə məlumat verdi.

Məruzəçi yeni texnologiyaların meydana çıxması və iqtisadiyyatın rəqəmsallaşması fonunda fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi sahəsində Avropa İttifaqında 25 may 2018-ci il tarixindən qüvvəyə minmiş Ümumi Məlumatın Mühafizəsi Qaydaları (General Data Protection Regulation) haqqında danışdı. Bildirdi ki, fərdi məlumatların qorunması sahəsində bu kimi qanunvericilik islahatına ehtiyacın yaranması Avropa iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəldilməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, vətəndaşlar üçün əsas faydalar onların fərdi məlumat operatorlarına etimadının artmasından yaranacaq, bu da onlara daha geniş onlayn-xidmətlərdən səmərəli istifadə etməyə imkan verəcək.

Y.İmamverdiyev son illər beynəlxalq standartlaşdırma təşkilatları (ISO/IEC) tərəfindən fərdi məlumatların qorunması və gizliliyin təmin edilməsi sahəsində bir sıra standartların qəbul edildiyini nəzərə çatdırdı, bu standartlarda baxılan məsələlər barədə məlumat verdi.

Məruzəçi fərdi məlumatların təhlükəsizliyini dəstəkləyən texnoloji həllərin yaradılmasının zəruriliyini vurğulayaraq bu sahədəki aktual tədqiqat problemlərindən bəhs etdi, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunda sözügedən mövzularda aparılan tədqiqatlar və onların nəticələrini təqdim etdi.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: