Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Qonaqları AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva müşayət ediblər.
RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli hazırda respublika ərazisində mərkəzin 35 daimi peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsinin fəaliyyət göstərdiyini rusiyalı qonaqların diqqətinə çatdırıb. Bildirib ki, həmin stansiyalar vasitəsilə alınan məlumatlar "real vaxt" rejimində Monitorinq Mərkəzinə ötürülərək emal edilir. "Seysmik stansiyalar vasitəsilə ən zəif təkanlar da qeydə alınır və bu məlumatlar aparılan elmi tədqiqatlarda istifadə edilir" - deyə Q.Yetirmişli əlavə edib.
Alimin sözlərinə görə, RSXM-ın respublika ərazisində 24 GPS stansiyası, 6 geofiziki, 5 geokimyəvi stansiyaları da fəaliyyət göstərir ki, bu da mərkəzdə kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılmasına imkan verir.
Görüşdə RSXM-ın Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Azərbaycan ərazisində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.
Akademik Aleksandr Sergeyev mərkəzdə görülən işləri yüksək qiymətləndirib. O, bu sahədə Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.