Mayın 27-də Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə AMEA və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında birgə elmi və texnoloji əməkdaşlıq üzrə müştərək layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçirilib.
AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının aidiyyatı əməkdaşları iştirak ediblər.
Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva açaraq müsabiqənin AMEA və CNR arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edildiyini bildirib. Vurğulayıb ki, müsabiqədə iştirak etmək istəyən alimlər əvvəlcə CNR-ə daxil olan elmi müəssisələrdən partnyor seçməli, sonra hər iki tərəfin maraqlarına uyğun tədqiqat mövzusunu müəyyənləşdirməlidirlər. Onun sözlərinə görə, layihə ingilis dilində yazılmalı və daha sonra CNR tərəfindən hazırlanmış onlayn formaya əlavə edilərək 28 iyun 2019-cu il tarixinədək göndərilməlidir.
Layihələrin eyni zamanda həm AMEA, həm də CNR tərəfindən anonim şəkildə müstəqil ekspertlər tərəfindən 5 bal sistemində qiymətləndiriləcəyini deyən E.Əlirzayeva daha sonra hər iki ölkənin rəylərinin qarşılaşdırılacağını diqqətə çatdırıb. O, ən yüksək bal toplayan 4 layihənin qəbul ediləcəyini söyləyib.
İdarə rəisi İtaliyada tədqiqat aparmaq, seminarlarda iştirak etmək və görüşlər keçirmək üçün hər layihəyə il ərzində 6 min avronun ayrılacağını bildirib. Bundan əlavə, layihələrdə iştirak edəcək şəxslərin sayının tədqiqatların genişliyinin və vaxtının nəzərə alınaraq müəyyənləşdirilməsini tövsiyə edib.
Natiq hazırda CNR-lə birgə 9 layihə üzərində işlədiklərini və tədqiqatların nəticələrinin yüksək impakt faktorlu jurnallarda dərc edildiyini vurğulayıb.
O, daha sonra ərizə formasının doldurulmasını əyani nümayiş etdirib, seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.