Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2019 12:31
  • A-
  • A
  • A+

"Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsi və müasirlik" mövzusunda elmi sessiya keçirilib

"Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsi və müasirlik" mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsi və müasirlik" mövzusunda elmi sessiya keçirilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunan sessiya çərçivəsində yazıçının həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq görkəmli yazıçıların, alimlərin yubileylərinin qeyd olunduğunu, bu cür sessiyaların bir çox tədqiqatlar üçün zəmin hazırladığını, yeni ideyalar üzə çıxardığını söyləyib. İ.Əfəndiyevin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışan İ.Həbibbəyli yazıçının fəaliyyətinin çoxcəhətli olduğunu, publisistikası, lirik nəsri və dramaturgiyası ilə ədəbi tariximizdə böyük iz qoyduğunu bildirib. Qeyd edib ki, görkəmli yazıçının "Sən həmişə mənimləsən", "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" pyesləri ilə ölkəmizdə lirik-psixoloji dramın əsası qoyulub və Azərbaycan dramaturgiyasında yeni mərhələ başlayıb.

Akademik ölməz sənət nümunələri yaradan yazıçının dramlarının oxucular tərəfindən rəğbətlə qarşılandığını və dəfələrlə tamaşaya qoyulduğunu, nəticədə İlyas Əfəndiyev teatr məktəbinin yarandığını diqqətə çatdırıb. Bundan əlavə, Xalq yazıçısının "Söyüdlü arx", "Körpüsalanlar" romanları ilə bir çox ənənəvi stereotipləri də sındırdığını vurğulayıb. İ.Həbibbəyli ədibin, həmçinin yüksək keyfiyyətlərə malik insan olduğunu, hər zaman istedadlı gənclərə dəstək verdiyini söyləyib.

O, bu gün rəhbərlik etdiyi müəssisədə İ.Əfəndiyevin yaradıcılığının tədqiq olunduğunu, yazıçıya həsr edilən monoqrafiyaların, əsərlərin çap edildiyini bildirib.

Sonra İlyas Əfəndiyevin oğlu, Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Ədəbiyyat İnstitutunun onun üçün doğma olduğunu və gəncliyində kiçik elmi işçi kimi burada işlədiyini xatırladıb. Bildirib ki, tarixi ənənələri davam etdirən institut bu gün ədəbiyyatın müasir problemləri ilə geniş məşğul olur, ədəbi tənqidlər, monoqrafiyalar hazırlayır. O, atasının yaradıcılığına verilən qiymətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Daha sonra Elçin Əfəndiyevə Ədəbiyyat İnstitutunun nəşrləri hədiyyə olunub.

Sessiyada, həmçinin filologiya elmləri doktoru, professor Şirindil Alışanlının "XX əsr tarixi prosesində İlyas Əfəndiyevin yeri", sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadənin "İlyas Əfəndiyevin teatrı", filologiya elmləri doktoru, professor Nizami Tağısoyun "İlyas Əfəndiyevin nəsri" və filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramovun "İlyas Əfəndiyevin yaradıcılığı" mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: