AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akademik Məmməd Cəfər Cəfərov: Ədəbiyyat nəzəriyyəçiliyi və ədəbi proses” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
O, Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yer tutan akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən bəhs edib. Alimin Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən İ.Həbibbəyli bildirib ki, Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıqda elmi məktəb yaradıb. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının banisidir. Alim ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb.
Akademik İsa Həbibbəyli ədəbiyyatşünas alimin əsərlərində nəzəri təhlil və ümumiləşdirmələrin xüsusi yer tutduğunu vurğulayıb. Görkəmli alimin 700-dən çox elmi məqalə, 30-dan artıq kitab, monoqrafiya və dərslik müəllifi olduğunu diqqətə çatdırıb.
Daha sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd “Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs və linqvopoetika problemi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, romantizm nəzəriyyəçisi kimi tanınan Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, eləcə də estetikanın aktual məsələlərinə dair araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Alimin klassik irsə münasibəti və linqivopoetikaya aid görüşləri də xüsusi əhəmiyyət kəsb edir.
Elmi sessiyada “Akademik Məmməd Cəfər Cəfərov və ədəbi tənqid”, “Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ədəbi irsi Məmməd Cəfər Cəfərovun tədqiqatlarında”, “Məmməd Cəfər Cəfərov yaradıcılığında romantizm məsələləri”, “Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığı” mövzularında məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.