İyunun 4-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) AMEA-nın II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova və aidiyyatı şəxslər iştirak ediblər.
İclası MBBİ-nin Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Bildirib ki, müdafiədə “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və “Entomologiya” ixtisaslaşmaları üzrə 8 magistrant öz dissertasiya işini müzakirəyə təqdim edib. O, magistrantlardan 5 nəfərin MBBİ-də, 2 nəfərin Fiziologiya İnstitutunda və 1 nəfərin isə Zoologiya İnstitutunda təhsil aldığını söyləyib.
Sonra MBBİ-nin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova çıxış edərək magistrantlar və onların dissertasiya mövzuları barədə məlumat verib.
Daha sonra magistrantlar dissertasiya işlərini təqdim edib, sualları cavablandırıblar.
Qeyd edək ki, magistrantların dissertasiya işlərinin müdafiəsi üçün AMEA prezidentinin müvafiq sərəncamına əsasən 12 ixtisaslaşdırılmış Müdafiə Şurası yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.