Bu gün AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən doktorant, dissertant və magistrantlar arasında elan olunan Gənclər üçün “akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi tədqiqat işi" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Tədbirdə AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev son illər AMEA-da çalışan gənclərin elmi-ictimai fəallığının yüksəldiyini söyləyib. Bildirib ki, elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə müdafiə edənlərin sayında, yerinə yetirilən elmi-tədqiqat işlərinin keyfiyyətində artım baş verib.
O, Aşqarlar Kimyası İnstitutunda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən adlı mükafatların və elmi müsabiqələrin ənənəvi hal aldığını qeyd edib.
Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirib ki, gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından keçirilən müsabiqələr çox əhəmiyyətlidir. Gənc alimlər arasında keçirilən elmi müsabiqələrin sayının ildən ilə artdığını deyən alim bu il Azərbaycanda təsis olunan “Elm Günü”nə həsr olunan bir sıra müsabiqələrin təşkil edildiyini, kimyaçı gənclər üçün ilk dəfə yay məktəbinin, orta məktəbdə "kimya gecəsi"nin keçirildiyini söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev isə çıxışında bildirib ki, hər il olduğu kimi bu il də müsabiqəyə namizədlərin seçimi zamanı məruzənin mövzusunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, mövzu ilə əlaqədar dərc olunan elmi əsərlər və s. əsas meyarlar müəyyənləşdirilib. Gənclər üçün “akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsi şəffaf aparılıb.
Müsabiqə Komisiyasının üzvi, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də məruzə təqdimatlarında müşahidə etdiyi üstünlüklərdən danışıb.
Sonda qaliblərə diplomlar təqdim olunub.
Hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə “134” balla 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova “112” balla müsabiqənin II yerinə, “107” balla 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova müsabiqənin III yerinə, “87” balla 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə, 9 saylı laboratoriyanın kiçik elmi işçisi, k.üf.d. Nəzər Nəzərov “Gənclər üçün akademik Əli Quliyev” mükafatına layiq görülüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.