AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclasında bölmə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramını təqdim edib.
O, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin FRTEB-in inkişafına hər zaman xüsusi diqqət yetirdiyini, dünya çağırışlarını rəhbər tutaraq bu elmlərə dəstək verdiyini qeyd edib. Bildirib ki, fizika-riyaziyyat elmlərinin missiyası təkcə yeni biliklər əldə etmək, dünya elmini zənginləşdirməkdən ibarət deyil. Müasir dövrdə digər sahələrin də lokomotivinə çevrilməkdə olan bu elmlər multidissiplinar tədqiqatlara böyük təkan verir.
Akademik R.Əliquliyev cari il iyunun 14-də AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və FRTEB-in büro üzvlərinin iştirakı ilə keçirilən görüşü xatırladaraq, bu tədbirdə fizika-riyaziyyat və texnika elmləri sahəsində prioritet elmi istiqamətlərin müəyyənləşdirildiyini, müvafiq sahənin alimləri qarşısında ciddi vəzifələrin qoyulduğunu bildirib.
Son zamanlar AMEA-da bütün sferaları əhatə edən ciddi islahatların həyata keçirildiyini qeyd edən alim bu tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə elm və təhsilin inkişafı yönündə qəbul etdiyi fərman və sərəncamlara adekvat olduğunu vurğulayıb. Bildirib ki, dünyanın müasir çağırışları və ölkənin strateji maraqlarına müvafiq olaraq hazırlanan yeni fəaliyyət proqramında fizika-riyaziyyat və texnika elmləri sahəsində fəaliyyətin daha da gücləndirilməsi, elmi, təşkilati, kadr və sosial məsələlərin həllində müvafiq addımların atılması nəzərdə tutulur.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in fəaliyyətinə dair bir sıra təkliflərlə çıxış edərək bölmənin büro iclaslarının mütəmadi olmaqla konkret vaxtlarda keçirilməsi, iclasların protokol və qərarlar əsasında sənədləşdirilməsi və ictimailəşdirilməsinin vacibliyini qeyd edib.
Aktual elmi-nəzəri və praktiki problemlərin müzakirəsinin təşkilindən də danışan akademik R.Əliquliyev diqqətə çatdırıb ki, bölmənin Ümumi yığıncaqları və büro iclaslarında aparılan müzakirələrə aidiyyatı olan alim və mütəxəssislər dəvət olunmalı, müzakirələrin nəticəsi olaraq təklif və tövsiyələr işlənilməlidir.
Vitse-prezident FRTEB və elmi müəssisələrin dövlət siyasətinin həyata keçirilməsində iştirakından da söz açıb. Bildirib ki, bölməyə daxil olan hər bir institut ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş milli strategiya, dövlət proqramları, eləcə də elmi-texniki ekspertiza və rəylərin hazırlanmasında fəal iştirak etməlidir.
Alim FRTEB-in elmi müəssisələrində ölkə rəhbərinin fərman və sərəncamları, AMEA-nın Ümumi yığıncağının, Rəyasət Heyətinin qərarları, eləcə də AMEA-nın prezidenti və digər məsul şəxslərin tapşırıqlarının icrası ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin büro iclaslarında tapşırıqların icra vəziyyətinin monitorinqinin nəticələri müntəzəm olaraq müzakirə olunmalı, bölmə və elmi müəssisələrdə tapşırıqların icrasına nəzarət mexanizmləri qurulmalıdır.
Akademik R.Əliquliyev elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların, alim və mütəxəssislərin AMEA Rəyasət Heyəti və SOCAR-ın təqdim etdiyi müsabiqələr, “Horizon – 2020” və digər ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının vacibliyini də önə çəkib.
AMEA-nın vitse-prezidenti bölmə üzrə elmi kadr hazırlığının vəziyyətindən də bəhs edib. O, FRTEB ilə digər elmi bölmələrin müəssisələri arasında multidissiplinar problemlərin müzakirəsinə həsr olunmuş birgə tədbirlərin təşkilinin zəruri olduğunu qeyd edib. Bildirib ki, elmi müəssisələrin fəaliyyətində AMEA Rəyasət Heyəti və bölmənin üzvlərinin yaxından iştirakının təmin olunması, onların illik fəaliyyət planları və hesabatlarının müzakirəsinin təşkili məqsədəuyğundur.
Elm və təhsilin inteqrasiyasının gücləndirilməsindən danışan alim, bu istiqamətdə fənn olimpiadalarının keçirilməsinin, birgə konfrans və seminarların təşkilinin, dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, orta və ali məktəblərdə alim və mütəxəssislərin tələbələrlə, gənc tədqiqatçılarla tez-tez görüşləri təşkil edilməli, baza kafedralarının fəaliyyəti genişləndirilməli, AMEA bütövlükdə ölkə üzrə təhsilin inkişafına kompleks dəstək verməlidir.
Elektron elm çərçivəsində elmi müəssisələrin fəaliyyətinin informasiyalaşdırılması ilə bağlı fikirlərini səsləndirən akademik R.Əliquliyev tədqiqat fəaliyyətində İKT-nin tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayıb. O, AzScienceNet şəbəkəsinin müəssisələr üzrə infrastrukturunun təkmilləşdirilməsi, inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.
Alim FRTEB və elmi müəssisələrin ictimaiyyətlə əlaqələrinin qurulması və populyarlaşdırılma istiqamətindəki fəaliyyəti barədə də danışıb. R.Əliquliyev bölmənin veb-saytının təkmilləşdirilməsi, əməkdaşların KİV və sosial media resurslarında fəaliyyətinin gücləndirilməsi, elmi biliklərin və yeniliklərin təbliği ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb.
Akademik Rasim Əliquliyev, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri, FRTEB-in elmi müəssisələri ilə ictimai təşkilatlar arasında münasibətlərin qurulmasına dair mühüm təkliflər irəli sürüb.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramı ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirdə çıxış edən akademiklər Nazim Məmmədov, Telman Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Misir Mərdanov, Namiq Cəlilov, Oqtay Səmədov, Vaqif Quliyev, b.ü.e.d. Kərim Qasımov, fiz.ü.f.d. Rəvan Mehdiyeva və digərləri fəaliyyyət planına daxil olan tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyət proqramında nəzərdə tutulan və bu gün müzakirə olunan məsələlər FRTEB-in bundan sonrakı fəaliyyətinin daha da gücləndirilməsində mühüm rol oynayacaq. Qeyd olunub ki, fəaliyyət planı bölmənin elmi müəssisələrində yeni nailiyyətlərin əldə olunması, elmi işçilərin əməyinin stimullaşdırılması, institutların maddi-texniki bazasının gücləndirilməsi və meqalayihələrin həyata keçirilməsinə təkan verəcək.
Tədbirdə, həmçinin illik hesabatların təkmilləşdirilməsi, institutlarda çalışan əməkdaşların sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, FRTEB-in fəaliyyətinə dair cəmiyyətə KİV vasitəsilə zəruri bilikərin çatdırılmasına dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.