AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntıları davam etdirib.
I Çaqqallıqtəpə abidəsində aparılan tədqiqatlar zamanı yeni tapıntılar aşkar olunub. Bunlardan üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində erkən tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.
Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı və üç ədəd təsərrüfat quyusu aşkar olunub.
Tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri sırasında çoxlu sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da vardır.
Ümumilikdə qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyətinin üzərində mövcud olan yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.
Eyni zamanda, qazıntılar zamanı çaxmaq daşından hazırlanmış ox ucluqları da tapılıb. Bu isə eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Həmçinin aşkar edilmiş sümükdən hazırlanan bizlər və iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin formalaşdığından xəbər verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.