26-29 avqust 2019-cu il tarixlərində Rusiyanın Rostov şəhərindəki Cənubi Federal Universitetində Qafqaz Riyaziyyatçıları Cəmiyyətinin 3-cü beynəlxalq konfransı keçirilib.
Avropa Riyaziyyatçıları Cəmiyyətinin dəstəyi ilə təşkil olunan konfransda dünyanın 10 ölkəsindən (Almaniya, İtaliya, Norvegiya, Rusiya, Türkiyə, Gürcüstan və s.) 70-ə yaxın riyaziyyatçı iştirak edib.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev “Ehtimal nəzəriyyəsinin paradoksal nəticələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi ehtimal nəzəriyyəsində baş verən gözlənilməz (paradoksal) hadisələrdən bəhs edib. Qeyd olunub ki, bu sahədə təqdim olunan nəticələr müəllifin yaratdığı mürəkkəb texniki sistemlər üçün idarəetmə nəzəriyyəsinin bir hissəsidir. İkinci paradoksun hərəkətdə olan hissəciklərin riyazi modelləri ilə bağlı olduğunu bildirən alim alınan nəticələri təqdim edib.
Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
A.Hacıyev, həmçinin Avropa Riyaziyatçıları Cəmiyyətinin prezidenti, prof. Volker Mehrmannla görüşüb. Görüşdə Azərbaycan Riyaziyyatçıları Cəmiyyəti və Avropa Riyaziyyatçıları Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycan Riyaziyatçıları Cəmiyyətinin bu quruma üzv olması məsələsi müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.