AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası ərazisində cari ildə beynəlxalq və yerli ekspedisiyanın apardığı arxeoloji tədqiqatların yekunlarına həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanda aparılan genişmiqyaslı arxeoloji qazıntılardan danışıb. Bildirib ki, hər il olduğu kimi bu il də ərazinin müxtəlif yerlərində beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar tərəfindən tədqiqatlar aparılıb.
Akademik İ.Hacıyev aparılan qazıntıların nəticələrinin həm Azərbaycan, həm də Naxçıvan tarixinin yenidən araşdırılması baxımından əhəmiyyətli olduğunu deyib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir Vəli Baxşəliyev çıxış edərək may ayından başlayaraq yerli arxeoloqların Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq ekspedisiya üzvləri ilə birgə Naxçıvantəpədə, Uçan Ağıl yaşayış yerində, I Kültəpədə və Ovçulartəpəsində tədqiqatlar apardığını söyləyib. O, tədqiqatlar zamanı ərazidən ocaq yerləri, keramika nümunələri, xeyli sayda dən daşları, obsidian və tikinti qalıqlarının aşkar edildiyini deyib. Bildirib ki, aşkar olunan və diqqəti cəlb edən boyalı, dırnaq və barmaq basqısı ilə naxışlanmış keramikalardan tədqiqat zamanı götürülən karbon analizləri onların eramızdan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib.
Bildirilib ki, beynəlxalq ekspedisiya üzvləri Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində, Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayon ərazilərində kəşfiyyat xarakterli araşdırmalar da aparıb.
Vəli Baxşəliyev qeyd edib ki, beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının üzvləri, həmçinin əvvəlki illərdə Ovçulartəpəsi və I Kültəpə yaşayış yerindən aşkar edilən arxeoloji materialların tədqiqi ilə də məşğul olub. Tədqiqatlar zamanı Kültəpənin Cənubi Qafqazda ən qədim Neolit məskəni olduğu müəyyən edilib: “Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı ötən il Bakı şəhərində sərgi açılıb və ekspedisiyaların nəticələri həmin sərgidə nümayiş etdirilib”.
Ekspedisiya rəhbəri diqqətə çatdırıb ki, arxeoloji tədqiqatların nəticələri ilə bağlı çoxsaylı kitab və monoqrafiyalar nəşr olunub, beynəlxalq jurnallarda müxtəlif məqalələr dərc edilib. Bundan başqa, Fransada təşkil olunan beynəlxalq konfransda Naxçıvanda aparılan arxeoloji tədqiqatlarla bağlı 7 məruzə dinlənilib.
Tədbirdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Katherine Marro və ekspedisiya üzvlərindən, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxış edərək ərazilərdə aparılan qazıntıların Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.