Sentyabrın 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Akademik Məmmədağa Şirəliyev Azərbaycan dialektologiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 19 iyul 2019-cu il tarixli Sərəncamını xatırladıb, sözügedən sənədin dilçi alimin fəaliyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda dialektologiya elminin banisi olan M.Şirəliyev fundamental tədqiqatları ilə ölkəmizdə dilçilik elminin zənginləşməsində və onun bir çox istiqamətlərinin müəyyənləşməsində mühüm xidmətlər göstərib.
Azərbaycan dilinin ilk dialektoloji atlasının və lüğətlərinin tərtibinin məhz Məmmədağa Şirəliyevin adı ilə bağlı olduğunu deyən M.Nağısoylu onun türkologiyada ilk dəfə dialekt və şivələrin təsnifinə dair bölgü apardığını qeyd edib. O, alimin 1941-ci ildə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırmasının Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirildiyini və M.Şirəliyevin birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görüldüyünü diqqətə çatdırıb.
Akademikin həmmüəllifi olduğu "Azərbaycan dilinin qrammatikası" dərsliyinin orta məktəblərdə tədris edildiyini, "Azərbaycan dialektologiyasının əsasları" əsərinin isə Dövlət mükafatına layiq görüldüyünü deyən institut direktoru alimin morfologiya, orfoqrafiya, terminologiya, türkologiyanın nəzəri problemlərinə dair sanballı tədqiqat işləri ortaya qoyduğunu bildirib.
M.Nağısoylu mərhum akademikin 17 il SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri olan "Sovetskaya Türkologiya" jurnalının (indiki "Türkologiya") baş redaktoru olduğunu və bu sahədə yüksək xidmətlər göstərdiyini söyləyib. Bildirib ki, yüksəkixtisaslı dilçi kadrların, xüsusilə dialektoloqların hazırlanmasında da M.Şirəliyevin böyük xidmətləri olub. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru hazırlanıb. Elmi irsi dilçiliyimiz üçün dəyərli olan M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir.
İnstitut direktoru alimin zəngin irsinin öyrənilməsi və dərc olunmayan kitablarının yenidən çapının önəminə toxunaraq, bu səpkidə tədbirlərin il ərzində davam etdiriləcəyini deyib.
Tədbirdə, həmçinin professorlar İsmayıl Kazımov, İsmayıl Məmmədli, Qara Məşədiyev, Kamil Bəşirov, Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Baba Məhərrəmli, Kifayət İmamquliyeva, Elçin İbrahimov və digərləri çıxış edərək M.Şirəliyevin Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu olduğunu vurğulayıb, alimlə bağlı xatirələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.